[b]“Çempionluq mənim üçün gözlənilməz olmadı” - MÜSAHİBƏ[/b]
17.05.2017 - 15:40
[b]“Çempionluq mənim üçün gözlənilməz olmadı” - MÜSAHİBƏ[/b]

IV İslam Həmrəyliyi Oyunlarında qadın taekvondoçuların yarışında 57 kq çəkidə qızıl medal qazanan Yaprak Eriş jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının əməkdaşının da iştirak etdiyi müsahibədə gənc idmançı maraqlı fikirlər səsləndirib.

 

- İslam Həmrəyliyi Oyunlarının çempionu olmaq sizin üçün nə deməkdi?

- Dünən vacib nəticəyə imza atdım. İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazandım. Hər şey çox gözəl idi. Azərbaycan xalqı mənə əla dəstək oldu. Onlara minnətdaram.

 

- Bu uğura imza atacağınızı gözləyirdinizmi?

- Əlbəttə. Hədəfim həmişə qızıl medal qazanmaq olub. Bu yarışa da həmin niyyətlə qatılmışdım. Odu ki, çempionluq mənim üçün gözlənilməz olmadı. Məhz bu niyyətlə məşqlər etmişdim. İstəyimə çatdığımı deyə bilərəm.

 

- Final döyüşünüzdə həmyerliniz Dürdanə Altunellə qarşılaşdınız. Gərgin keçən görüşün yekununda 5:4 hesablı çətin qələbə qazandınız...

- Mən də türkəm və final döyüşümdə digər türk idmançı ilə üz-üzə gəldim. Buna görə də, həlledici görüşdə həyəcanım daha çox idi. Deyərdim ki, ikiqat həyəcanlı idim. Amma qələbə qazanaraq özümü isbatladım. Bu qalibiyyətlə yaxşı ki, Türkiyədən Azərbaycana transfer olunduğumu göstərmək istədim.

 

- Valideynləriniz final görüşünüz haqda nə dedilər?

- Onlarla danışdım. Heç bir şey demədilər. Qardaş ölkələrik. Mən hazırda Azərbaycanı təmsil edirəm.

 

- Bu qələbə ilə həm də Türkiyəyə özünüzü sübut etmiş oldunuz...

- Doğrudu. Özümü isbatladım.

 

- Gələcəkdə Türkiyəyə qayıtmaq təklifi alsanız, razılaşarsınız?

- Xeyr. Türkiyəyə dönmərəm.

 

- Bundan sonrakı hədəfiniz nədi?

- Koreyada dünya çempionatı keçiriləcək. Həmin turnirə də iddialı qatılacağam. Məqsədim dünya çempionu olmaqdı.

 

- İdmançı üçün ən vacib mükafat olimpiya medalı sayılır. Yəqin ki, siz də qarşınıza Olimpiadada yer tutmaq məqsədi qoymusunuz...

- Tamamilə doğrudu. Amma buna hələ çox var. 2020-ci ilə kimi keçiriləcək digər yarışlarda özümü göstərməliyəm. Vaxtı çatanda isə Tokioya gedib, olimpiadada da uğura imza atmağa çalışacağam.  

 

0