[b]“Türkiyəyə yox, Avropanın iddialı çempionatlarına can atmaq lazımdı” - MÜSAHİBƏ[/b]
23.01.2015 - 17:00
[b]“Türkiyəyə yox, Avropanın iddialı çempionatlarına can atmaq lazımdı” - MÜSAHİBƏ[/b]

Azərbaycan millisinin sabiq məşqçisi Vəli Qasımovun apasport.az saytına müsahibəsi

 

- Uzun müddətdi ki, işsiz qalmısız. Heç təklif gəlmir?

- Xeyr. Hələ bir yenilik yoxdu. Səbəbini bilmirəm. Faktiki olaraq, 2 ildi işsizəm.

 

- Adınız 21 yaşadək futbolçulardan ibarət milli ilə birgə hallanırdı. Ancaq komandanı Yaşar Vahabzadəyə tapşırdılar. Bu, sizin üçün gözlənilməz olmadı ki?

- Açığı, onun təyinatı mənim üçün sürpriz olmadı. Mən bu təyinatı dəstəkləyirəm. Əsas odu ki, millidə azərbaycanlı məşqçi işləsin. Bundan əlavə, Vahabzadə uzun müddətdi ki, U-21-dədi. Yəni, uşaqları yaxından tanıyır, üstəlik çempionat oyunlarını da izləyir. Təzə məşqçi gətirsəydilər, sıfırdan başlamalı olacaqdı. Məncə, Vahabzadənin U-21-ə xeyri dəyəcək.

 

- Millinin yeni baş məşqçisi Robert Prosineçki işinə həvəsli başlayıb. Antalyaya gedib, komandalarımızın hazırlıq prosesini izləməsi yəqin ki, ürəyinizcədi...

- Əlbəttə. Antalyaya getməsi yaxşı fikirdi. Prosineçki futbolçuları daha yaxından tanımaq üçün ora gedib. Hazırkı vəziyyətlərini özü görsə, yaxşıdı. Bundan əlavə, komandalarımızın məşq proseslərini izləyir ki, bu da yaxşı haldı.

 

- Çempionatda qış fasiləsi başa çatmaq üzrədi. Klubların hazırlıq prosesi ilə maraqlanırsızmı?

- Fasilə dövründə hər komanda zəif nöqtələrini gücləndirməyə, çatışmazlıqları aradan qaldırmağa çalışır. Belə baxanda, fasilə hər komandanın xeyrinədi. Yoxlama oyunlarında problemlər üzə çıxa bilər. Antalyada başqa ölkələrdən də komandalar çoxdu. Nədənsə bizimkilər daha çox Rusiya və Ukrayna təmsilçilərini özlərinə sparrinq rəqib seçirlər. Avropa komandalarını seçsələr, daha yaxşı olar. Çünki bizim çempionatımız Avropa səviyyəsində deyil. Buna görə də beynəlxalq oyunlara çıxanda çətinlik çəkirik. Yalnız “Qarabağ” göstərdi ki, Avropa səviyyəsinə yaxın futbol oynayır.

 

- Siz də “Qarabağ”ı çempionluğa bir nömrəli namizəd sayırsız?

- İndiki vəziyyətdə “Qarabağ” çempionluğa daha yaxındı. Həqiqətən də, gözəl futbol nümayiş etdirir. Amma klubların qış fasiləsindən necə yararlanmaqlarından çox şey asılıdı. “Neftçi”, “İnter”, eləcə də digər komandalar güclənə biliblərsə, “Qarabağ”ın işi çətin olacaq.

 

- Roman Qriqorçukun gəlişindən sonra “Qəbələ” də iddialı yerlər uğrunda mübarizəyə qoşula biləcəkmi?

- Qriqorçukla tanış deyiləm. Amma eşitmişəm ki, yaxşı məşqçidi. Əgər elədirsə, “Qəbələ”də müsbətə doğru dəyişiklik edə bilər. Çünki yaxşı məşqçi yaxşı da nəticə göstərir.

 

- Futbolçu karyeranız ərzində Ukrayna, Rusiya, İspaniya və Portuqaliya çempionatlarında çıxış etmisiz. Bir-iki nəfəri çıxmaq şərtilə, indiki futbolçularımız ən yaxşı halda, Türkiyənin PTT I Liqasına yollanırlar. Legioner həyatı yaşamalarına futbolçularımızın səviyyələri imkan vermir, ya başqa səbəb var?

- Millinin indiki üzvlərindən az oyunçu var ki, böyük səviyyədə futbol oynasınlar. Futbolçularımız 18 yaşları olanda ölkədən çıxmağa çalışmalıdılar. Özü də Türkiyəyə yox, Avropanın iddialı çempionatlarına getməyə can atmaq lazımdı. Çünki Türkiyədə bu dəqiqə futbolun səviyyəsi yuxarı deyil. Emil Balayevin “Ayntraxt”a keçidi məni çox sevindirdi. Təklif göndərdilər, Emil də risk edib, getdi. Bu cür futbolçularımızın sayı çox olsa, yaxşıdı. Avropada oynamaq futbolçuya çox xeyir verir. Mentalitetin dəyişir, fikrin tam olaraq, futbola yönəlir.

 

Tengiz MƏMMƏDOV

0