[b]Rəşad Sadiqov: Onların səviyyəsini siz də gördünüz[/b] - MÜSAHİBƏ
28.01.2015 - 09:59
[b]Rəşad Sadiqov: Onların səviyyəsini siz də gördünüz[/b] - MÜSAHİBƏ

“Antalya hazırlığı yüksək səviyyədə keçdi. Bizə hər cür şərait yaradılmışdı. Qaldığımız oteldən tutmuş, məşq keçdiyimiz meydançaya qədər, hər şey əla idi. Baş məşqçi də yüksək səviyyədə təlim-məşq toplanışı təşkil etdi. Mənə elə gəlir ki, çempionata tam hazırıq”. Bu sözləri apasport.az saytına “Qəbələ”nin yarımmüdafiəçisi Rəşad Sadiqov deyib.

 

Antalyadakı təlim-məşq toplanışının yekunu ilə bağlı əməkdaşımızın suallarını cavablandıran təcrübəli futbolçu ikinci yarıda azarkeşlərin tam başqa “Qəbələ” izləyəcəklərini bildirib.

 

- Məşqçilər korpusu, eyni zamanda bəzi futbolçular yenidi. Artıq heyətin tam komplektləşdiyini demək olar?

- Bəli, olar. Antalyada 23-24 günlük hazırlıq keçdik. Düzdü, ilk iki həftədə bir az çətinlik çəkdik. Baş məşqçinin istəklərini yerinə yetirmək futbolçulara bir az çətin oldu. Çünki hər yeni baş məşqçinin fərqli tələbləri olur. Ancaq günlər keçdikcə tələblərin 90 faizini yerinə yetirdiyimizi düşünürəm. Əminəm ki, çempionat oyunları zamanı daha yaxşı çıxış edəcəyik. Çünki hazırkı heyət mövsümün əvvəlindəki heyətdən güclüdü. Bunu da çempionatın ikinci yarısındakı nəticələrimizlə göstərəcəyik. Hamı da bunu görəcək.

 

- Tələblərdən söz düşmüşkən, Roman Qriqorçuk sizdən əsasən nələri istəyir?

- Əsasən oyun intizamını sona qədər qorumağımızı, topu itirərkən hücumdan müdafiəyə tez qayıtmağımızı istəyir. Onun avropalı məşqçilərə xas tələbləri olur. Bunları yerinə yetirməyi bacaran komanda da mütləq uğur qazanar.

 

- Qriqorçukun meydandan kənarda da çox sərt xasiyyətli insan olduğu deyilir...

- Bəli, sərtliyi olur. İclaslarda yaşından asılı olmayaraq, hər bir futbolçunun səhvini üzünə deyir. Bu da hər məşqçiyə xas xüsusiyyət deyil. Çünki insana səhvini demədikdə, o, yenidən bunu təkrarlayır. Amma baş məşqçinin deyib-gülməyi də öz yerindədi. Çox gözəl insandı.

 

- Yeni transferlərə hansı qiyməti vermək olar?

- Onların səviyyəsini siz də gördünüz. Məncə, hamısının çempionatda komandaya köməyi dəyəcək. Çünki baş məşqçi tanıdığı və inandığı oyunçuları gətirib.

 

- Qriqorçukun və yeni transferlərin MDB ölkələrindən olmasını sizin üçün müsbət hal hesab etmək olar?

- Bunun mütləq müsbət mənada təsiri olacaq. Çünki keçmiş SSRİ ölkələrindən gələn futbolçular Azərbaycana və çempionatımıza daha tez uyğunlaşırlar. İnşallah, Premyer Liqada bütün bunların məhsulunu görəcəyik.

 

- Aleksey Qayın gəlişindən sonra orta sahə daha rəqabətli oldu. Bura müqavilə bağlamağa yaxın olan Mixail Sivakovu da əlavə etmək olar. Bu rəqabət sizi qorxutmur?

- Rəqabətdən heç kim qorxmamalıdı. Baş məşqçi son oyun istisna olmaqla, bütün matçlarda mənə şans verdi. Sadəcə, yüngül zədəm olduğu üçün axırıncı görüşdə məni riskə atmaq istəmədi. İnanıb ki, bu qədər oynamaq imkanı verib. Rəqabət olmayan yerdə inkişaf da olmaz. Yarımmüdafiə xəttində istedadlı gənclərimiz də var, təcrübəlilərimiz də. Hamısı bir-birinə baxıb rəqabətə öyrəşsinlər.

 

- “Xəzər Lənkəran”dakı karyeranız cəmi 5 ay çəkdi. Mövsümün əvvəlində bu komandaya keçdiyiniz üçün indi peşmanlıq çəkmirsiz?

- Xeyr, peşman deyiləm. Onu da deyim ki, “Qəbələ”dən mənə 2013-cü ilin yayında təklif gəlmişdi. Həmin vaxt da “Neftçi” ilə Çempionlar Liqasında iştirak etdiyimiz üçün komandanı atıb getmək istəmədim. Bu, mənə yaraşmazdı.

 

Ruslan SADIQOV / Antalya

 

0