[b]Avropa Oyunlarında “qara bazar” olmayacaq[/b]
04.03.2015 - 17:59
[b]Avropa Oyunlarında “qara bazar” olmayacaq[/b]

İyunun 12-dən 28-dək Bakıda keçiriləcək I Avropa Oyunlarının başlamasına 100 gün qalması münasibətilə tədbir keçirilib. Apasport.az saytının məlumatına görə, 100 günlük gerisayımın başlaması münasibətilə yarışın medalları təqdim olunub, biletlərinin qiyməti açıqlanıb.

 

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Seymon Kleq bildirib ki, bu axşam saat 20:00-dan şəhərdə, hava limanında və ofislərində 100 günlük gerisayımı bildirən tablolar işə düşəcək: “Biz bütün bunları 27 ay ərzində görmüşük və bu nailiyyətlər bizi qane edir. Yarışı 1 milyarddan çox, o cümlədən Azərbaycanda canlı izləyəcək azarkeş ordusu olacaq. Bu, Rio-2016 üçün bir tramplinə çevriləcək. Son 50 il ərzində idman gündəmində tam yenilikdi”.

 

Kleq bu gündən internet saytlarının da yeniləndiyini deyib. Onun sözlərinə görə, Oyunlar Azərbaycanın tanınması yolunda böyük rol oynayacaq: “22 il öncə Azərbaycan üçün böyük imkandı. Burada ölkə müstəqillik illərində qazandığı nailiyyətləri də nümayiş etdirəcək. Həmçinin, bu təşkilatçılıq təcrübəsi gələcəkdə Formula-1 yarışlarında və İslam Həmrəyliyi Oyunlarında da köməyə gələcək. Əməliyyatlar Komitələrində 1500-dən çox insan çalışır və bunun 70 faizi azərbaycanlılardı”.

 

Kleq biletlərin alverçilər tərəfindən kütləvi alınması və sonra “Qara bazar”a çıxarmasına da münasibət bildirib. Onun sözlərinə görə, bütün bunlar nəzarətdədi: “Qara bazar” bütün dünyada var. Burada söhbət yalnız bilet almaqdan getmir. Bizdə biletlər şəxsiyyət vəsiqəsi ilə alınacaq və həmin insana bağlı olacaq. Bu da “qara bazar”ın olmamısı ilə nəticələnəcək”.

 

İcraçı-direktor biletlərin paytaxtda satılacağını deyib. O bildirib ki, xarici və ya yerli bilet alıcıları arasında hansısa fərq qoyulmayacaq: “Bunu regionlarda və ölkə xaricində internet vasitəsilə də ala bilərlər. Satış mərkəzləri isə Bakıda olacaq”.

 

Kleq Böyük Britaniya mətbuatının Oyunlar barədə yazdığına də münasibət bildirib: “Amma çoxları görülən işləri yüksək qiymətləndirir. Son 23 il ərzində ölkənin əldə etdiyi ecazkar nailiyyətlər bu oyunlarda nümayiş etdiriləcək və bu böyük uğurdu. Avropa Oyunlarını hamı yaxşı qiymətləndirə bilməz. Amma idmana gəldikdə, bu çox böyük bir uğur kimi dəyərləndirilir”.

 

Yarışlarda bütün xərclərin Azərbaycan tərəfdən çəkilməsinə gəlincə, Kleq bunu adi hal kimi qiymətləndirib. Onun fikrincə, bu yenilik deyil və Olimpiya Oyunlarında yaşanan hadisədi.

 

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva da müstəqillik illərindəki uğurlarımızdan, Olimpiya oyunlarından-oyunlarına medallarımızın artan xətlə inkişafından danışıb: “Oyunlardan-oyunlara lisenziyalarımız, təmsil olunduğumuz idman növlərinin sayı da artmaqdadı. Avropa Oyunlarında ilk növbədə idmanın müxtəlif növlərində çıxış etmək imkanı qazanacağıq. Bu o deməkdi ki, həmin idman növləri ölkəmizdə daha da inkişaf edəcək. İdmançılarımız və onların doğmalarının azarkeşlik hissi artacaq. Böyük idmanın təbliği idmanın kütləviləşməsinə xidmət edir. Azərbaycan da böyük kompleks idman tədbirlərinin təşkilində həmişə nümunə olub və inanırıq ki, bu dəfə də belə olacaq”.

 

Nurullayeva Oyunlarda keçiriləcək 20 idman növü üzrə yığmalarımızın hazırlıqlarının sürətlə davam etdiyini deyib. O bildirib ki, hər bir federasiya plan üzrə çalışır: “Bu halda onların üzərinə böyük məsuliyyətlər düşür. Həm ölkə daxili, həm də ölkədən xaricdə hazırlıq keçirlər. Hazırlıq prosesi artıq başa çatmaq üzrədi. İnanırıq ki, Azərbaycan idmançıları ilk Avropa Oyunlarını tariximizə qızıl hərflərlə yazacaqlar”.

 

MOK rəsmisi bu günlərdə Azərbaycan cüdo yığmasının üzvlərinin narazılığına da münasibət bildirib. Onun sözlərinə görə, bu MOK və Gənclər və İdman Nazirliyinin diqqətindədi: “Cüdoçulardan hamı məlumatlıdı. Müzakirə olunub, məsuliyyət federasiya üzərinə düşür və onlar bunu tezliklə həll edəcəklər”.

 

0