[b]Tərlan Əhmədov: Məğlubiyyətdən söhbət gedə bilməz[/b] - MÜSAHİBƏ
05.03.2015 - 16:25
[b]Tərlan Əhmədov: Məğlubiyyətdən söhbət gedə bilməz[/b] - MÜSAHİBƏ

AZAL klubunun baş məşqçisi Tərlan Əhmədovun apasport.az saytına müsahibəsi

 

- Ölkə kubokunun 1/4 finalında “Neftçi” ilə ilk oyunda qolsuz heç-heçə etdiniz. Səfərdə imza atdığınız bu nəticə sizi qane edirmi?

- Oyunun çətin olacağını bilirdik. Səfərdə qol buraxmamaq, eyni zamanda qol vurmağa çalışdıq. Düzdü, rəqib qapısına yol tapa bilmədik. Amma qapımızın toxunulmazlığını qoruyub saxlaya bildik. Hücumda “axsaqlıq” oldu. Bu səbəbdən də qol vurmaq istəyimizi reallaşdıra bilmədik.

 

- İlk görüşdən sonra hansı komandanın yarımfinala adlamaq şansı daha çoxdu?

- Şanslar bərabərdi. Çalışacağıq ki, cavab görüşündə sərfəli nəticəyə imza atıb, növbəti mərhələyə adlayaq. Bir top da cütün taleyini həll edə bilər.

 

- Mətbuatda Aleksandr Şemonayevin cəzalı olmasına rəğmən, kubok görüşündə iştirak etdiyi üçün AZAL-a texniki məğlubiyyətin veriləcəyi yazılır. Buna Saşanın 2013-2014 mövsümündə kubok matçında qırmızı vərəqə alaraq meydandan qovulması səbəb göstərilir...

- Rəhbərlik və məşqçilər korpusu məsələni aydınlaşdırıb, həll etdi. Heç bir qayda pozuntusuna yol verməmişik. Hər şey qaydalar çərçivəsində olub. Buna görə də, texniki məğlubiyyətdən söhbət gedə bilməz. Şemonayev həmin dövrdə 2 sarı vərəqə alaraq, meydandan qovulub. Əgər birbaşa qırmızı vərəqə alsaydı, qayda pozula bilərdi. Əsasnamədə belədi ki, 1 il keçəndən sonra sarı vərəqələr avtomatik olaraq, silinir.

 

- Çempionatın ilk 2 dövrəsindən sonra hücum xəttindən razılıq etdiyiniz halda, müdafiədəki boşluqlardan gileylənmişdiz. İndi isə hücum xəttindən narazısız...

- Bəli, müdafiədə irəliləyiş var. Çempionatın ilk 2 hissəsi ilə müqayisədə, indi müdafiə xətti etibarlı çıxış edir. Əvəzində hücum “axsayır”. Çalışacağıq ki, ordakı problemləri də aradan qaldıraq və balans yaradaq. Əslində qış fasiləsindən sonra yaxşı başlamışdıq. İlk 2 oyunda hücum xətti normal çıxış edirdi. Amma sonradan müəyyən problemlər ortaya çıxdı.

 

- Çempionatda qış fasiləsindən sonra “Neftçi” və “Qəbələ”yə qalib gəlsəniz də, sonrakı turlarda “Qarabağ”a uduzub, “Sumqayıt” və “İnter”lə heç-heçə etmisiz. Mövcud vəziyyəti nəzərə alsaq, AZAL mövsümü neçənci pillədə bitirməyə iddialıdı?

- Şansımız qalır. İddiamızdan əl çəkmək haqda düşünmürük. Qarşıda turlar var. Düzdü, son turlarda xal itkiləri ilə üzləşmişik. Amma turnir cədvəlində bizə yaxın olan komandalar da analoji problem yaşayıblar. Onlarla aramızda böyük xal fərqi yoxdu ki, indidən əlimizi üzək.

 

- İstənilən halda, AZAL üçün avrokuboka ən asan yol kubokdan keçir...

- Fikrimizi birinə yönəltmək istəmirik. Həm kubokda, həm də çempionatda mübarizəmizi davam etdiririk. Kuboku qazanmaq istəyindəyik. Amma bu o demək deyil ki, çempionatdakı iddiamızdan vaz keçməliyik. 4-cü yeri tutmaq şansımız var. Həftəsonu “Bakı” ilə oynayacağıq. Məqsədimiz görüşdən qələbə ilə ayrılmaqdı. Gücümüz hara kimi çatırsa, ora qədər gedəcəyik. Avrokuboka həm kuboku götürməklə, həm də çempionatda 4-cü yeri tutmaqla vəsiqə əldə edə bilərik. Diqqətimizi birinə yönəltsək, bu bizim üçün müsbət nəticələnməz. Odu ki, çempionat və kubokun hər ikisində mübarizəmizi davam etdirəcəyik.

 

Tengiz MƏMMƏDOV

0