[b]“Rabitə” avrokubokla vidalaşdı[/b]
28.03.2015 - 18:20
[b]“Rabitə” avrokubokla vidalaşdı[/b]

Bu gün qadın voleybolçular arasında CEV kubokunun yarımfinal mərhələsinin cavab matçı keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Rabitə” Bakıda Krasnodar “Dinamo”sunu qəbul edib.

 

Avrokubokdakı yeganə təmsilçimiz ruslarla görüşdə 1 setdən artıq uduzmamalı idi. Çünki Azərbaycan çempionu ilk matçda səfərdə rəqibinə 1:3 hesabı ilə məğlub olmuşdu. Zoran Qayıçin yetirmələri əsas oyunda 3:0 və ya 3:1 hesablı qələbə qazansaydı, cütün taleyinə “Qızıl set”də aydınlıq gələcəkdi.

 

Lakin Rusiya kubokunun sahibi, Superliqasının lideri və CEV kubokunun favoriti olan “Dinamo” buna imkan verməyib. İlk setdə başabaş mübarizə getsə də, sonda ruslar çətinliklə qalib gəliblər. İkinci setdə fərq nisbətən böyük olub. Müdafiədə inamlı oynayan Krasnodar təmsilçisi bu seti də üstün başa vurmaqla, cütün taleyini həll edib.

 

Bundan sonra “Rabitə”yə qələbə də bəs etməyəcəkdi. Komandamız ruhdan düşdüyündən, “Dinamo” son seti də qalib tamamlayaraq CEV kubokunda finala vəsiqə qazanıb.

 

Bununla da klublarımız üçün avrokubokun 2014/2015 mövsümü başa çatıb. “Azərreyl”, “Lokomotiv” və “Azəryol”un ardınca “Rabitə” də qitəmiqyaslı oyunlara vida edib.

 

28 mart

CEV kuboku

Yarımfinal mərhələsi, cavab oyunu

“Rabitə” (Azərbaycan) – “Dinamo” (Rusiya, Krasnodar) - 0:3 (23:25, 19:25, 20:25)

Hakimlər: Çavdar Maryev (Belarus), Qyula Tillmann (Macarıstan)

Bakı, “Sərhədçi” Olimpiya Mərkəzi

 

İlk oyun: “Dinamo” – “Rabitə” - 3:1 (25:20; 18:25; 25:23; 25:22)

0