[b]“Bitməyən matç”ın təqdimatından: ... qızların çoxu ona vurulurdu[/b]
16.04.2015 - 11:58
[b]“Bitməyən matç”ın təqdimatından: ... qızların çoxu ona vurulurdu[/b]

Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Nazim Süleymanovun 50 illik yubileyi ilə bağlı çap edilən “Bitməyən matç” kitabının təqdimat mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Mətbuat Mərkəzində baş tutan tədbirdə bir çox tanınmış sima iştirak edib.

 

Qonaqlar arasında “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev, idman-direktoru Vəli Qasımov, AZAL klubunun vitse-prezidenti Vaqif Qasımov, AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, millimizin məşqçiləri Mahmud Qurbanov, Elxan Abdullayev, Məşqçilər Komitəsinin üzvləri Vaqif Sadıqov, Şahin Diniyev və futbol veteranları olub.

 

Varis Yolçuyevin müəllifi olduğu və 3000 tirajla çap edilən kitabda səbəbkarın Azərbaycan və Rusiya karyerasından bəhs edilib, tanınmış simaların fikirlərinə yer verilib.

 

Tədbirdə iştirak edən qonaqlar Nazim Süleymanov və ondan bəhs edən kitab haqda fikirlərini bölüşüblər.

 

Öncə Çingiz Abdullayev səbəbkar barədə xoş sözlər səsləndirib: “Öncədən Nazim Süleymanovun “Neftçi”də oynadığını bilirdim. Mənə zəng vurub dəvət edəndə dedim ki, mütləq gəlməliyəm. Bu, mənim borcumdu. Azərbaycanda tanınmış futbolçular çox olub. Fikirləşirdim ki, Nazimin 70-80 yaşı olar. Amma indi baxıram ki, məndən 6 yaş kiçikdi. Azərbaycanda Nazim Süleymanov və Vəli Qasımov kimi tanınmış futbolçular var ki, beynəlxalq arenada ölkəmizi layiqincə təmsil ediblər. Mən veteranların çoxunun oyununu görmüşəm. O vaxt İsgəndər Cavadov bizə gələndə görürdüm ki, qızların çoxu ona vurulurdu. Nazim müəllim Rusiyada oynayıb. Heç olmasa, bu kitabı rus dilində tərcümə edib, onlara göstərməliyik. Belə bir kitabın ərsəyə gəlməsində əməyi olan hər kəs sağ olsun. 50 yaş nədi ki, Nazim müəllimin uğurları hələ irəlidədi”.

 

AFFA-nın İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov da Nazim Süleymanov haqda fikirlərini bölüşüb: “Öncə Nazim müəllimi bu kitab münasibətilə təbrik edirəm. Yaxşı yadımdadı, Nazim 80-ci illərin ortalarında “Neftçi”yə gəlmişdi. Mən həmişə onunla birlikdə məşq edirdim. Həmişə çalışırdım ki, Nazimə xoş sözlər deyilsin. Süleymanov tezliklə oyunu ilə sübut etdi ki, əsas heyətə layiqdi. O, çox güclü hücumçu olub. Daha sonra Vəli Qasımov, Yunis Hüseynov kimi oyunçular gəldi və ona dəstək oldu. Nazim müəllimə məşqçilik karyerasında uğurlar arzu edirəm. İnanıram ki, özü kimi futbolçular yetişdirəcək. Hələ cavan oğlandı. Ona uğurlar arzu edirəm”.

 

“Neftçi”nin Müşahidə Şurasının üzvü, veteran futbolçu Səməd Qurbanov da Nazim Süleymanovla olan xatirələrindən qısaca danışıb: “Çingiz Abdullayevdən sonra danışmaq çətindi. Nazim komandaya gələndə gənc idi, mənimlə bir otaqda qalırdı. Ona dedim ki, futbol oynamaq üçün 3 şərt lazımdı. Bu üçündən biri səndə olsa, yaxşı futbolçu olacaqsan. Nazim Süleymanova məşqçilik karyerasında da uğurlar arzu edirəm”.

 

Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov bildirib ki, belə tədbirə qatılmasına sevinir:  “Azərbaycanın adını yüksəklərə qaldıran şəxsin kitabı çap oluna bilər. Kitabı oxuyanda gördüm ki, Nazimin bir sözü var: Mənim oyunum hələ qarşıdadı, hələ əsl sözümü deməmişəm. Onun yığmamızda uğurlar qazanacağına inanıram. Nazim futbolçu kimi oyuna rəng qata bilirdi. İndi bizim belə futbolçulara ehtiyacımız var. İnanıram ki, Nazim müəllim Azərbaycan futboluna layiqli oyunçular yetişdirəcək”.

 

Jurnalist  Rövşən Binnətli çıxışında Nazim Süleymanovun karyerasından bəhs edib: “Biz hər zaman öz işığı ilə sabaha körpü atan simanın tədbirinə yığışmışıq. Nazim Süleymanovu ən çox sevdirən futbolda və həyatda ciddi olmasıdı. Biz hələ Nazim Süleymanovdan çox sürpriz gözləyəcəyik. Çünki kitabın adı “Bitməyən matç”dı. Yəni, o matç hələ bitməyib. O vaxt nazimin formasını geyindiyi “Alaniya” klubu da bizim üçün “Neftçi” qədər əziz idi. Düzdü, Nazim müəllimə qarşı orda qısqanclıq var idi. Çox sevinirəm ki, onu U-19 yığmamızın baş məşqçisi postuna gətiriblər. Arzu edirəm ki, məşqçilikdə də zirvəni fəth etsin”.

 

“Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli də çıxışında səbəbkarın karyerası barədə danışıb: “Burda Nazim müəllim haqda çox şey deyildi. O, bizə futbolu xam şəkildə sevdirən adamlardan olub. Baxıb özümüzü ona oxşatmağa çalışmışıq. Nazim Süleymanov sadə bir uğur nümunəsidi. Sadə ailədən çıxan adam böyük nailiyyətlər qazanıb. İnşallah, onun 70-80 yaşında daha gözəl, mükəmməl kitabı olar. İstərdim ki, İsgəndər Cavadovun da belə bir kitabı olsun. Çünki o da Azərbaycan futbolunda iz buraxmış simalardandı”.

 

Sonda çıxış edən Nazim Süleymanov hər kəsə minnətdarlıq edib: “Hamı təşəkkür edirəm. Bu sevinci mənimlə bölüşdüyünüz üçün hamınıza minnətdaram. Kitabın ərsəyə gəlməsində zəhməti keçənlərin hamısına təşəkkür edirəm. İndiki zamanda futbolçuların hamısı Azərbaycan çempionatında oynayır. Onlara belə kitabları vermək lazımdı. Bu, böyük uğura kiçik təkan olacaq. “Bitməyən matç”ı, məşqçi kimi yaxşı mənada bitirərik”.

 

Sonda Nazim Süleymanov kitabları imza ataraq, iştirakçılara paylayıb.

0