[b]"Adlar meydana çıxana qədər rol oynayır"[/b] - MÜSAHİBƏ
17.04.2015 - 23:00
[b]"Adlar meydana çıxana qədər rol oynayır"[/b] - MÜSAHİBƏ

"İnter" klubunun və millimizin müdafiəçisi Məhəmməd Mirzəbəyovun apasport.az saytına müsahibəsi

 

- Topaz Premyer Liqasının XXX turu çərçivəsində "Bakı"ya qalib gəldiniz. Yəqin ki, bu qələbə sizin üçün sürpriz olmadı...

- Yaxşı təsir bağışladıq. Oyunumuz alındı. İlk dəqiqələrdən hücuma atıldıq və qollarımızı vurduq. Düzdü, son dəqiqələrdə bir qədər zəif oynadıq. Nədənsə arxayınlaşma oldu və bu səbəbdən də qapımızdan top buraxdıq.

 

- Aprelin 21-də ölkə kubokunun yarımfinal mərhələsində "Neftçi" ilə cavab oyunu keçirəcəksiz. İlk görüşdəki 0:2 hesablı məğlubiyyətin əvəzini çıxa biləcəksizmi?

- Hər şey Allahın əlindədi. İndidən nəsə deməyim düz çıxmaz. Bəli, ilk oyunda 0:2 hesabı ilə uduzmuşuq. Bu isə o deməkdi ki, finala yüksəlmək üçün cavab görüşündə 2 və ya 3 qol vurmaqla yanaşı, qapımızdan top buraxmamalıyıq. Əgər qol buraxsaq, işimiz daha da çətinləşəcək. Onda 4 qol vurmalı olacağıq ki, "Neftçi" kimi komanda ilə görüşdə bunu reallaşdırmaq olduqca müşküldü. "Neftçi"nin heyətində güclü legionerlər cəmləşib.

 

- "İnter" Avrokuboka vəsiqəni demək olar ki, təmin edib. Bu heyətlə beynəlxalq arenada irəliləmək mümkündümü?

- Avrokuboka çıxıb-çıxmayacağımızı hələ bilmirik. İlk növbədə, bunu rəsmiləşdirmək lazımdı. Vəsiqə qazanaq, sonra baxarıq. Hadisələri qabaqlamaq istəmirəm.

 

- "İnter"ə Kaxaber Sxadadzenin istəyi ilə transfer olunmuşduz. Nəzərə alsaq ki, Sxadadze mövsümün sonunda komandanı tərk edəcək, siz hansı addım atmağı planlaşdırırsız?

- Müqaviləmin müddəti yayda başa çatır. İndidən bu suala cavab vermək çətindi. "İnter"də qalıb-qalmayacağımı dəqiq deyə bilmərəm. Gözləmək lazımdı. Klubda kiçik problemlər var.

 

- Başqa klublardan təkliflər almısızmı?

- Mən bu məsələyə baş qoşmaq istəmirəm. Fikrimi oyunuma yönəltmişəm. Bu işlə agentim məşğul olur.

 

- Son vaxtlar Azərbaycan yığmasına da dəvət alırsız. Necə düşünürsüz, Robert Prosineçki Norveçlə oyuna da sizi dəvət edəcəkmi?

- Əgər klubumun heyətində yaxşı oyun göstərsəm, yəqin ki, çağıracaq. Hər şey mənim çıxışımdan asılıdı. Prosineçkiyə çempionat görüşlərində iştirak edən və komandaya xeyir verə biləcək futbolçular lazımdı.

 

- Norveçdən sərfəli nəticə ilə qayıtmağa komandamızın gücü çatarmı?

- İstənilən rəqibə qalib gəlmək olar. Komandaların adları  meydana çıxana qədər rol oynayır. Meydana çıxandan sonra isə adlar keçmir.

 

- Ancaq razılaşın ki, Norveç Malta deyil. Yəni işiniz heç də asan olmayacaq...

- Hamı İspaniyanı ən güclü sayırdı. Ancaq onlar son dünya çempionatında fiasko ilə üzləşdilər. Və ya siz Farer adaları millisinə fikir verin. Heç kim onlardan qələbə gözləmədiyi halda, Yunanıstana qalib gəldilər. Kim deyərdi ki, Yunanıstanın  2004-cü ildə Avropa çempionu olacaq? Yəni futbolda sürprizlər tez-tez qeydə alınır. Allahın köməkliyi ilə, Norveçə qalib gələrik. Əsas odu ki, yaxşı hazırlaşaq və meydanda var gücümüzü qoyaq. Onda nəyəsə nail olmaq olar.

 

Tengiz MƏMMƏDOV

 

0