Sxadadze: Xal itirmək olmazdı
25.04.2015 - 19:37
Sxadadze: Xal itirmək olmazdı

Medallar uğrunda mübarizə aparan “İnter”  Topaz Premyer Liqasının XXXI turunda AZAL-ı 2-0 hesablı məğlubiyyətə uğratdı. Apasport. az saytının məlumatına görə, hər iki çalışdırıcı oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.  


 

“İnter”in baş məşqçisi Kaxaber Sxadadze bu görüşdə 3 xal qazanmağın vacib olduğunu deyib: Görürsünüz ki, “Qəbələ” necə oyun sərgiləyir. Bütün bunları nəzərə alsaq, xal itirmək olmazdı. Oyunu çox ağıllı qurmuşduq. AZAL-ın 3 sürətli oyunçusu var ki, onlar əks hücuma əla çıxırlar. Biz də 3 mərkəz müdafiəçisi ilə oynayıb, AZAL tərəfdən gələ biləcək təhlükəni qarşılamış olduq. Daha sonra topu özümüzdə çox saxladıq və lazım olan vəziyyətlərdə qol vura bildik”. 



AZAL-ın baş məşqçisi Tərlan Əhmədov isə daha çox zədəli futbolçulardan bəhs edib: “Bir müddətdir ki, qələbə qazana bilmirik. Zədəlilərin çox olması məni məyus edir. Viktor İqbekoyi, Aleksandr Şemonayev, Valeriy Kutsenko kimi oyunçuların zədədən əziyyət çəkməsi heyətdə problemlər meydana gətirir. Viktorun əməliyyat olunacağı dəqiqdir, Kutsenko isə bu prosesə doğru gedir. Bu gün ilk onbirlikdə 7 yerli oyunçuya güvənmişdim. Oyunçulara tapşırıqlar vermişdim. Düşünürəm ki, futbolçuların gücü nəyə çatdırdısa, onu da etdilər. Sadəcə, iki səhv oyunun taleyini həll etdi. Qarşıdakı oyunlara baxmalıyıq”.

 

Qeyd edək ki, doğma meydanda qalibiyyətdən sonra "İnter" turnir cədvəlindəki ikinci yerdə olan mövqeyini bir qədər də yaxşılaşdırıb.  

 

 

Mənbə: PFL

0