[b]"...komanda yoldaşlarım artıq istirahəti düşünürlər" [/b]- MÜSAHİBƏ
02.05.2015 - 23:01
[b]"...komanda yoldaşlarım artıq istirahəti düşünürlər" [/b]- MÜSAHİBƏ

“Neftçi” klubunun qapıçısı Aqil Məmmədov Topaz Premyer Liqasının XXXII turu çərçivəsində “Sumqayıt”la keçirilən görüşdən (2:2) sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- Oyunda hadisələrin bu cür axar edəcəyini gözləyirdinizmi?

- Turnir cədvəlindəki mövqelərindən asılı olmayaraq, bu komandaların görüşü hər zaman çətin keçib. Düzdü, əksər vaxtlar  “Neftçi” qələbə qazanıb, amma asanlıqla yox. Birinci hissədə iki səhvə yol verdik. Bu cür səhvləri özümüz də gözləmirdik. Rəqib də həmin səhvlərdən istifadə etdilər.

 

- Rəqibin ikinci qolu qoruduğunuz küncdən vuruldu. Səhvləriniz nə dərəcədə idi?

- Səhvimin olub-olmadığını deyə bilmərəm. Çünki yaxın məsafədən vurdular. Top başımın üstündən keçdi. Həmin epizodda qapıda dayanıb, gözləməli idim. Başqa yolum yox idi.

 

- Qış fasiləsindən sonra top buraxmadan meydanı tərk etdiyiniz oyunlar çox az olub. Bu qədər qol buraxmağınız nəyin nəticəsidi?

- Ola bilsin ki, komanda yoldaşlarım artıq istirahəti, bəlkə də kubokun finalını düşünürlər. Konkret izah verə bilməyəcəm.

 

- Nəticə komandanızın çempionatdan qopduğunu və ümidini ölkə kubokunu qazanmağa bağladığını düşünməyə əsas verirmi?

- Uşaqlar istəkli idilər. İki dəfə hesabda geri düşsək də, xarakter göstərdik. Kanalesin qırmızı vərəqə alması da həmin istəkdən yarandı. Bu heç-heçə qələbəyə bərabərdi. Birinci hissədə də fasilədən sonrakı kimi oynasaydıq, nəticə fərqli olacaqdı.

 

- “Neftçi” üçün artıq çempionatı üçüncü və ya dördüncü pillədə başa vurmağın heç bir əhəmiyyəti qalmayıb?

- Niyə ki? Elə deməzdim. Bizim məqsədimiz hər zaman çempion olmaqdı. Amma bu il alınmadı.  

 

- Növbəti turda “İnter”lə qarşılaşacaqsınız. Halbuki, ikinci yer uğrunda oynayacağınızı proqnozlaşdırırdılar...

- Rəqib meydanında oynayacağıq. Çox güclü rəqibdi. Qələbə qazanmağa çalışacağıq. Turnir cədvəlinə baxanda, çətindi. Amma indidən təslim olmağı düşünmürük. Mübarizə davam edir.

 

0