[b]“İnanıram ki, “Neftçi” Avropa Liqasına vəsiqə qazanacaq”[/b]
04.05.2015 - 16:58
[b]“İnanıram ki, “Neftçi” Avropa Liqasına vəsiqə qazanacaq”[/b]

“Neftçi” klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayevin apasport.az saytına müsahibəsi

 

- “Neftçi”yə gəldikdən sonra hansı irəliləyişə nail olmusunuz?

- Məncə, ən böyük irəliləyişimiz komandanın finala çıxması oldu. “İnter”in turnir cədvəlində bizdən bir pillə irəlidə olmasına baxmayaraq, kubokda onlara qalib gəldik, finala vəsiqə qazandıq.

 

- Bəs hansı dəyişikliklərə əl atmısınız?

- Görürəm, mətbuatda tez-tez yazırlar ki, futbol komandasına yazıçı gəlib. Əvvəla mən yazıçı deyiləm, ixtisasım hüquqşünasdı, hüquq elmləri doktoruyam. Sizə bir sirr də açım ki, dünyada dövlət başçılarının və baş nazirlərin 99 faizi hüquqşünasdı. Mən də peşəmdən burda istifadə etmək istəyirəm. Yeni sistem yaratmağa çalışırıq. Onu da yazırlar ki, guya dost-tanışı işə götürürük. Bizim gəlişimizdən sonra “Neftçi”də 6 nəfər işə qəbul olunub. Onlardan ikisi – Dmitri Kramarenko və Vəli Qasımov futbolçu olub. Təhlükəsizlik xidmətinin yeni rəisi Milli Təhlükəsizlik Nazirliyinin polkovniki Hamlet İsmayılov Qarabağ müharibəsinin iştirakçısı olub. Hüquqşünasımız 30 ildən çoxdu ki, Vəkillər Kollegiyasında işləyən Rauf Mövsümovdu. Həmçinin iki sürücü işə qəbul etmişik ki, hər ikisi Qarabağ müharibəsi iştirakçısıdı. Gördüyünüz kimi, işə yeni götürülənlərdən üçü müharibə iştirakçısıdı. Heç biri də qohumum deyil. Belə insanlara həmişə üstünlük verməliyik. Mətbuat bu məsələləri yazmamışdan əvvəl gərək araşdırsın.

 

- Komandanız hazırda çempionatda 3-cü yer uğrunda mübarizə aparır. Sizcə, bu yer “Neftçi”yə yaraşırmı?

- Xeyr. “Neftçi” həmişə çempion olmalıdı. Sadıq Sadıqovun burdakı işi çox uğurlu alındı. “Neftçi” onun rəhbərliyi altında 3 dəfə çempion oldu, 2 dəfə ölkə kubokunu qazandı. Biz də bu ənənəni davam etdirməliyik. “Neftçi” nəinki əfsanəvi klubdu, müstəqillik dönəmində ən çox çempion olan, kuboku qazanan komandadı.

 

- “Neftçi” ilk mövsümünüzdə sizə kubok hədiyyə edə biləcəkmi?

- Buna çox inanıram. Komandama güvənirəm. İnanıram ki, kuboka sahib çıxıb və bu il Avropa Liqasına vəsiqə qazanacağıq.

 

- Bir çox klubda maliyyə problemi baş qaldırıb. “Neftçi”də vəziyyət necədi?

- Digər klublarda bəlkə problem var, bilmirəm. Amma “Neftçi” klubunda belə bir problem olmayıb, heç vaxt da olmayacaq. Bizim sponsorumuz yoxdu, kiminsə başı, kiminsə qarnı ağrayır, pul vermir. Bizim rəsmi sponsorumuz SOCAR-dı. Və mən ömründə inanmaram ki, nə SOCAR-da, nə də “Neftçi” klubunda maliyyə problemi olsun. Söz verə bilərəm ki, Azərbaycanda 200 il neft, qaz olacaq. Bu müddətdə də “Neftçi”də problem olmayacaq. 200 ildən sonra mənə zəng vursanız, bəlkə onda nəsə demək olar.

 

- Yay fasiləsində komandada nə kimi dəyişikliklər olacaq?

- Müşahidə Şurası olaraq, bu məsələni ilk növbədə peşəkar futbolçularla məsləhətləşəcəyik. Bunu mən təkbaşıma həll edə bilmərəm. Peşəkarlar baxıb deyəcəklər. Təbii ki, dəyişikliklər olacaq. Ancaq öncə araşdırmalıyıq.

 

- Son illər “Qarabağ” Azərbaycanın ən güclü klubuna çevrilib. Gələn mövsüm onların hegemonluğuna son qoya biləcəksinizmi?

- Mən buna inanıram. “Qarabağ” çox gözəl oynayır. Amma “Neftçi” də çempionluğa oynayacaq. “Qarabağ”la “Neftçi” oynayanda mənim ürəyim yavaş-yavaş parçalanır. Təbii ki, Müşahidə Şurasının sədri kimi “Neftçi”nin qələbə qazanmasını istəyirəm. Atam qarabağlı, anam isə bakılıdı. “Qarabağ”ın da uğur qazanmasını istəyirəm. Ona görə də, hər iki kluba azarkeşlik edirəm, hər ikisinin çempion olmasını istəyirəm.

 

- Avrokubokla bağlı hədəfləriniz nələrdi?

- Sadıq Sadıqovun dönəmində komanda Avroliqanın qrupunda iştirak edib. Bizim də hədəfimiz odu ki, heç olmasa bu uğuru təkrarlayaq. Sonra çalışmalıyıq qrupdan çıxaq. Bu, bir gündə olan iş deyil.

 

- Klubda edilən struktur dəyişikliyinin təsdiqi nə vaxta planlaşdırılır?

- İyun ayından sonra. İndi yalnız iyunun 3-də keçiriləcək ölkə kubokunun finalını düşünürük.

 

- Klubda işdən ayrılanlar oldu. Onların bəziləri narazılıq bildirdilər, hətta Müşahidə Şurasında bu məsələnin müzakirə edilmədiyini iddia etdilər...

- Bunu düz deməyiblər. Çünki biz hər dəfə yığılıb məsləhətləşirik. Müşahidə Şurasının ilk iclasında Vəli Qasımov və Dmitri Kramarenkonun adını çəkəndə otaqdakıların hamısı bunu alqışladı. Bizdə icraçı-direktorun əmri ilə indiyə qədər heç kim işdən çıxarılmayıb. Bizdə belə bir şey ola bilməz. Ayrılanların hamısı özləri ərizə yazıb gediblər.

 

- Baş məşqçi Arif Əsədov gələn mövsüm də postunda qalacaq?

- İnanıram ki, qalacaq. Hər dəfə gəlib mənə deyirlər ki, baş məşqçi dəyişilir. Deyirəm ki, mən bunu bilməyəndən sonra siz hardan bilirsiniz? Biz hesab edirik ki, Arif Əsədov yaxşı işləyir. İnanırıq ki, komanda onun rəhbərliyi altında kuboku da qazanacaq.

 

Ruslan SADIQOV

0