[b]“Azərbaycan millisindən təklif gözləyirəm” [/b]– rumıniyalı futbolçu
20.05.2015 - 12:39
[b]“Azərbaycan millisindən təklif gözləyirəm” [/b]– rumıniyalı futbolçu

“Xəzər Lənkəran”dan ayrılmağımdan söhbət gedə bilməz. Çünki bu klubla 2016-cı ilin yayına qədər müqaviləm var”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun rumıniyalı futbolçusu Adrian Skarlatake deyib.

 

Təcrübəli müdafiəçi sərfəli təklif gələcəyi təqdirdə belə, komandasını dəyişməyəcəyini bildirib: “Xəzər Lənkəran”da özümü yaxşı hiss edirəm. Ordan-burdan eşidirəm ki, mənimlə maraqlanan klublar var. Amma konkret olaraq, özümə heç kim müraciət etməyib. İkincisi də, başqa klub haqda düşünmürəm. “Xəzər Lənkəran”da qalacam və neçə ildi oynadığım komandaya kömək edəcəm. Təklif gəlsə belə, bu cür çətin vəziyyətdə “Xəzər Lənkəran”ı atıb gedə bilmərəm. Bunu özümə bağışlamaram”.

 

Skarlatake “Xəzər Lənkəran”ın növbəti mövsümdə çempionluğa oynayacağına əmindi: “Çətin günün ömrü az olar. Bu mövsüm bizim üçün çox pis keçdi, iddiamızdan uzaq düşdük. Amma yeni mövsümdə hər şey dəyişə bilər. Bunun üçün isə transferlər həyata keçirmək lazımdı. Komandaya yeni futbolçular gəlsə, əminəm ki, növbəti mövsüm çempionluq uğrunda mübarizə aparacağıq”.

 

4 ildi “Xəzər Lənkəran”da çıxış edən və heç vaxt Rumıniyanın əsas millisinə çağırılmayan Adrian Skarlatake Azərbaycan yığmasında oynamağın əleyhinə deyil. 29 yaşlı futbolçu federasiyadan təklif gələcəyi təqdirdə, razılıq verəcəyini gizlətməyib: “Rumıniyanın U-21-də çıxış etsəm də, əsas millisində oynamamışam. Hər bir futbolçu kimi, mən də istərəm ki, yığma karyeram olsun. Azərbaycan millisində oynarammı? Əgər yığmanızda oynamaq təklifi alsam, “hə” cavabı verərəm. Bu, mənim üçün şərəf olar. Açığı, federasiyanızdan elə bir təklif gözləyirəm”.

 

Tengiz MƏMMƏDOV

 

0