[b]“Kəpəz”i layiq olduğu yerə daşımaq istəyirəm”[/b] - Şahin Diniyev
21.05.2015 - 13:47
[b]“Kəpəz”i layiq olduğu yerə daşımaq istəyirəm”[/b] - Şahin Diniyev

“Kəpəz”in yeni baş məşqçisi Şahin Diniyevin apasport.az saytına müsahibəsi

 

- Əvvəla “Kəpəz”ə baş məşqçi təyin edilməyiniz münasibətilə təbrik edirik...

- Çox sağ olun, mənnətdaram.

 

- Təklifi qəbul etməyinizdə hansı amil əsas rolu oynadı?

- Klub prezidenti Mehman Allahverdiyev mənə bu təklifi etdi. İlk söhbətimizdə gördüm ki, hədəflərimiz üst-üstə düşür. İkimiz də futbol adamıyıq, keçmişdə də bir yerdə çalışmışıq. Mən də onun təklifini qəbul etdim.

 

- Təxminən 10 ildən sonra yenidən Gəncə klubunu çalışdıracaqsınız. Hansı hissləri keçirirsiniz?

- Gəncə mənim üçün doğma məkandı. Orda həm futbol oynamışam, həm də məşqçilik etmişəm. Hər yerdə demişəm ki, Gəncədə yetərincə ağıllı futbol azarkeşləri var. Onlar bu sahəni çox gözəl başa düşürlər. Ora qayıtdığım üçün çox sevinirəm.

 

- “Kəpəz”lə bağlı planlarınız nələrdi?

- Bu haqda danışmaq üçün hələ tezdi. Çünki bizim Mehman Allahverdiyevlə bir neçə saatdan sonra görüşümüz olacaq. Orda çox şeyi müzakirə edəcəyik. Yəqin ki, bu müzakirələr də uzun çəkməyəcək. Bayaq da qeyd etdiyim kimi, üst-üstə düşən çox şeylər var. Bu müzakirədən sonra gələcək planlar barədə danışmaq olar.

 

- Komandanın hədəfi nə olacaq?

- Mən “Kəpəz”ə məşqçiliyə qayıtmaq xətrinə keçmirəm. Qayıdıb Gəncə ənənəsini davam etdirmək, bu komandanı layiq olduğu yerə daşımaq istəyirəm. Gəncə futboluna heç kim Mehman müəllim qədər töhfə verməyib. O, ömrünü Gəncə futboluna həsr edib. Mənim də orda çox vaxtlarım olub. İkimizin bir yerdə Gəncə klubunda yenidən ənənə yaratmağımız, bəlkə də, qismətdi, tale yazısıdı. Onunla bir yerdə oynamışıq, işləmişik. Ən əsası odu ki, hər ikimizin istəyi Gəncə futbolunu dirçəltməkdi.

 

- Maraqlıdı oğlanlarınızdan hansınısa yeni komandanıza aparacaqsınız?

- Coşqunun da, Kərimin də klubu var. Transfer məsələsi barədə danışmaq hələ tezdi. Transfer məsələsi 1-2 gün müzakirə olunası iş deyil. Mehman müəllimlə bu məsələ ətrafında uzun söhbətlərimiz olacaq.

 

- Köməkçiləriniz və transfer planlarınızı da bu gün müzakirə edəcəksiniz?

- Bəli. Çünki hələ heç nə bəlli deyil. Təklif anidən oldu, razılığımı verdim. Hələ transfer siyahısı müəyyənləşdirməyə imkan olmadı. Komplekt şəkildə hər şeyi bu gün müzakirə edəcəyik. İndi nəsə deyərəm, sonra düz çıxmaya bilər.

 

- Məşqçilər Komitəsindəki işinizi davam etdirəcəksiniz?

- Hələ iyulun 1-nə qədər Məşqçilər Komitəsindəyəm. Ondan sonra bu məsələyə baxacağıq. Məni orda işə AFFA götürüb. Federasiya ilə mütləq məsləhətləşməliyəm.

 

Ruslan SADIQOV

0