[b]“Bəlkə baş məşqçi postuna məndən güclüsü gəlir”[/b] – Elbrus Məmmədov
27.05.2015 - 11:48
[b]“Bəlkə baş məşqçi postuna məndən güclüsü gəlir”[/b] – Elbrus Məmmədov

“Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədovun apasport.az saytına müsahibəsi

 

- Mövsüm başa çatmaq üzrədi. Komandanızın çıxışını necə dəyərləndirirsiz?

- Qənaətbəxş. Ən əsas odu ki, bəhrəsini gördük. Elnur Cəfərov əsas milliyə dəvət aldı. Bu, bizim üçün böyük uğurdu. 3-4 nəfər istedadını, həqiqətən də göstərə bildi. Təsdiqləndi ki, bizdə də istedadlı cavanlar var. İnanıram ki, onlar gələcəkdə də “Xəzər Lənkəran”a kömək edə biləcəklər.

 

- Konkret olaraq, hansı oyunçuları nəzərdə tutursuz? Bu gənclərdən kimlər növbəti mövsüm də “Xəzər Lənkəran”ın əsas komandasında çıxış edə bilərlər?

- Bunu mövsüm başa çatandan sonra deyə bilərəm. İndi ad çəkməyim yaxşı çıxmaz.

 

- Həmin gənclərin sırasında Elnur Cəfərov, İlyas Səfərzadə özlərini daha yaxşı tərəfdən göstərdilər...

- Bu, klubdaxili məsələdi. İstəyirəm ki, sonda bilsinlər. Mövsüm bitəndən sonra bütün komanda yığışacaq. Çempionatın yekunu ilə bağlı söhbətimiz olacaq. Orda deyiləcək ki, kim potensialını aça bildi, kim üzərində bir az da işləməlidi. Bizim də öz planlarımız var.

 

- Sizcə, bu gənclərlə bundan yaxşı nəticə göstərmək olardımı?

- Həqiqətən, onlardan çox şey gözləyirdim. Bəlkə özlərinə inam az oldu, bəlkə də bir az bəxtimiz gətirmədi. Amma ümumilikdə götürsək, məncə, pis alınmadı. 

 

- Razısızmı ki, gəncləşdirmə siyasətinə keçdikdən sonra əvvəlki oyunlarla müqayisədə çempionatın sonlarında komanda daha yaxşı təsir bağışladı? Düzdü, ötən tur “Sumqayıt”a uduzduz. Amma ondan əvvəl “Qarabağ”la heç-heçə edib, AZAL-a qalib gəlmişdiz...

- Razıyam. Ancaq son oyunlarda biz optimal heyətlə çıxış edə bilmədik. Planlaşdırdığımız tam heyət son turların heç birində üst-üstə düşmədi. Çətinliklərlə üzləşdik. Həm futbolçu çatışmazlığı, həm boşluqlarımız oldu. Bütün bunların və yorğunluğun fonunda pis təsir bağışlamadıq.

 

- Növbəti mövsüm də baş məşqçi postunda qalıb-qalmayacağınız müəyyənləşibmi?

- Buna çempionat bitəndən sonra aydınlıq gələcək. Rəhbərliklə  söhbət edəcəyik. Narazı və razı qalınan məqamlar olub ki, onlar barədə danışmışıq. Gələcəklə bağlı plan hazırlamışam. Amma hələ təsdiqlənməyib. Bəlkə, baş məşqçi postuna məndən güclüsü gəlir. “Qal” desələr, niyə qalmıram ki?

 

- Avropa Liqasına vəsiqə qazanan “İnter”in maliyyə problemi ilə əlaqədar, bu hüququndan imtina edəcəyi gözlənilir. Belə olan halda, “bankirlər”i Avrokubokda AZAL və ya “Xəzər Lənkəran”ın əvəz edəcəyini deyənlər var. Sizin üçün belə bir şans yaransa, istifadə etmək istərsizmi?

- Bizdə optimal heyət yoxdu ki, çıxıb Avroliqada oynayaq. Ondansa, bu iki ayı tam komanda yaratmağa sərf etsək, yaxşıdı. Bu heyətlə uğur qazana bilmərik. Son illər klublarımızın avrokuboklardakı çıxışları məcbur edir ki, hər il azarkeşlərə elə nəticələr bəxş edək. Gedib orda uğursuz çıxış etməkdənsə, yeni komanda formalaşdırıb, gələn il həm iddiamızı göstərməli, həm də Avrokubokda qarşımıza konkret məqsəd qoymalıyıq.

 

Tengiz MƏMMƏDOV

 

 

0