Azərbaycanın təcrübəli hakimlərindən olan Vüsal Əliyev gələn mövsümdən yaşıl meydanlara çıxmayacaq. Apasport.az saytının məlumatına görə, keçmiş FİFA referisi karyerasını rəsmən bitirib.
Hakimliklə mövsümün sonunda vidalaşmağı hələ bir neçə ay öncədən planlaşdıran Əliyev yekun qərarını qəbul edib. O, daha 3 il meydanlarda ədaləti qorumaq hüququna sahib olsa da, buna ehtiyac görməyib.
Əliyev 45 yaşında fitini yerə qoyaraq, hakimlikdən rəsmən getməyə qərar verib.
Təcrübəli hakim saytımıza açıqlamasında məlumatı təsdiqləyib: “Bəli, yekun qərarımı qəbul etmişəm. Bu mövsüm mənim üçün sonuncudu. Çünki karyeramı bitirdim”
2002-ci ildən Azərbaycan çempionatında idarəçilik edən Vüsal Əliyev 2005-2013-cü illərdə FİFA referisi adını daşıyıb.
Maraqlıdı ki, ölkə çempionatının son turuna təyinat almayan Əliyev XXXV turda da meydan üzü görməyib.