[b] "Qarabağ" Qlazqoda qol vursa...[/b]
28.07.2015 - 12:00
[b] "Qarabağ" Qlazqoda qol vursa...[/b]

Bu gün start götürən Çempionlar Liqasının III təsnifat mərhələsində çıxış edən Azərbaycan təmsilçisi “Qarabağ” ilk oyununu sabah keçirəcək. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi “Seltik” klubu ilə ilk sınağına Şotlandiyada çıxacaq.

 

Qlazqonun “Seltik Park” stadionuna “zolaqlılar”ın qonağı olacaq Qurban Qurbanovun yetirmələri adlı-sanlı rəqiblə qarşılaşmada tarix yamağa çalışacaq. Ardıcıl 4 mövsüm ölkəsinin çempionu olan, ümumilikdə isə 46 dəfə bu titula yiyələnən “Seltik” vaxtilə indi mübarizə apardığı yarışın qalibi də olub. 1967-ci ildə Lissabonda keçirilən final matçında İtaliya “İnter”ini 2:1 hesabı ilə məğlub edən “Seltik” Britaniya futbolu tarixində ilk dəfə Çempionlar Kubokunu başı üzərinə qaldırmışdı.

 

“Qarabağ” titullarına görə rəqibinə uduzsa da, Qurbanovun yetirmələri son illərdə qazandığı nəticələrlə Şotlandiya klubundan geri qalmaq istəmədiyini göstərib. Ardıcıl 3-cü dəfə Çempionlar Liqasının qrupunda çıxış etmək arzusunda olan “Seltik”dən fərqli, təmsilçimiz ötən mövsüm Avropa Liqasının qrupunda debüt edib.

 

Bu il daha nüfuzlu yarışın qrupuna çıxmağı hədəfləyən Ağdam klubu Qlazqodan münasib nəticə ilə dönməlidi ki, cütün taleyini Bakıdakı qarşılaşmada həll edə bilsin. Azərbaycan futbolu tarixində Şotlandiya klubu ilə görüşən ilk komanda olacaq “Qarabağ” “Seltik” səddini adlasa, ilkə imza atacaq.

 

Belə ki, indiyədək heç bir Azərbaycan klubu Çempionlar Liqasının pley-offuna yüksəlməyib. Buna nail olacaq təmsilçimiz qrup mərhələsinə vəsiqəni də təmin edəcək. Bir sözlə, “Seltik” üzərində qələbə qrup mərhələsinə vəsiqə verəcək. Çünki pley-offda qələbə qitənin ən nüfuzlu klub turnirinin, məğlubiyyət isə Avropa Liqasının qrupuna düşməklə nəticələnəcək.

 

Ardıcıl ikinci dəfə qrupda oynamaqla daha bir tarix yazmaq imkanı olan “Qarabağ” Qlazqoya ciddi itkisiz yollanıb. Yalnız son transfer Əfran İsmayılovsuz səfərə çıxan komandada 2 sarı vərəqəsi olan oyunçu da yoxdu. Bu isə o deməkdi ki, Bakıdakı cavab oyununda sarı vərəqə üzündən cəzalı duruma düşən futbolçumuz olmayacaq.

 

Milanda “İnter”ə uduzduqdan sonra son 3 səfər oyununda yenilməyən “Qarabağ” bu seriyasını Şotlandiyada da davam etdirsə, qrupa doğru böyük addım atacaq. Ukraynada “Dnepr”, Fransada “Sent-Etyenn” və Monteneqroda “Rudar”la görüşlərin hərəsində 1 qol vuran Qurbanovun yetirmələri rəqib meydanlarındakı bu məhsuldarlığı “Seltik Park”da ən azı təkrarlasa, səfər qolu çempionumuza cavab oyununda əlavə üstünlük qazandırmış olacaq.

 

Qeyd edək ki, “Qarabağ” və “Seltik” arasında cavab oyunu avqustun 6-da keçiriləcək.

 

Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyun

29 iyul

 

23:45. "Seltik" (Şotlandiya) - "Qarabağ" (AZƏRBAYCAN)

Baş hakim: Robert Şörgenhofer

Yan xətt hakimləri: Mattias Vinsauer, Rixard Hübler

Dördüncü hakim: Dominik Ouşan (hamısı Avstriya)

Hakim-inspektor: Raymond Ellingem (Uels)

UEFA nümayəndəsi: Giys de Yonq (Hollandiya)

Qlazqo. “Seltik Park” stadionu

0