[b]“Atletik”dən topu oğurlamaq çətin olacaq” – Mikel Alvaro[/b]
28.07.2015 - 13:41
[b]“Atletik”dən topu oğurlamaq çətin olacaq” – Mikel Alvaro[/b]

Bakı “İnter”inin sabiq futbolçusu Mikel Alvaro İspaniya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, o, “bankirlər”in hazırkı durumuna toxunmaqla yanaşı, “İnter”in “Atletik”lə matçdakı şansını dəyərləndirib.

 

- Son 2 ay ərzində, siz komandanı tərk edəndən sonra “İnter” çoxmu dəyişib?

- Çox. Komandada köhnə futbolçulardan yalnız qapıçı və bir müdafiəçi qalıb. Bununla belə, komanda Avrokubokda layiqli çıxış edir. “İnter” bu vəziyyətdə iki mərhələ adlamağı bacarıb. Hazırkı şərtlərlə bunu etmək çox çətindi. Ümid edirəm ki, “Atletik”lə görüşdə də “İnter” azarkeşlərə zövq bəxş edə biləcək.

 

- Hazırkı “İnter”in oyun tərzi haqda nə deyə bilərsiz?

- Mən onların bir neçə oyununa baxmışam. Bilirəm ki, hazırda “İnter”i çalışdıran şəxs ötən mövsüm də məşqçilər korpusunda yer almışdı. O, komandanın əvvəlki oyun sistemini saxlayıb. “İnter” topu özündə saxlamağa, itirəndə isə onu dərhal almağa çalışır. Bundan əlavə, qapısının toxunulmazlığına da xüsusi diqqət ayırır. Amma özləri bilirlər ki, “Atletik”dən topu oğurlamaq çətin olacaq.

 

- Deməli, favorit “Atletik”i sayırsız...

- Əlbəttə ki, favorit “Atletik”di. Birinci oyunun “San Mames”də keçirilməsi Bilbao klubuna cütün taleyini ilk oyundaca həll etmək imkanı verir. Məlum məsələdi ki, rəqib müdafiədə qapansa, qol vurmaq “Atletik” üçün çətinləşəcək.

 

- “İnter” əvvəlki təsnifat mərhələsində səfərdə “Hafnarfyordur”a qalib gəlsə də, öz meydanında çətinliklə üzləşib...

- Bəli. Açığı, mən düşünmürdüm ki, cavab oyunu əlavə vaxta qədər uzanacaq. Çünki “İnter” İslandiyada yaxşı oyun göstərməklə, sərfəli nəticə əldə etmişdi. Amma ev oyununda işlərini çətinə saldılar. Yalnız əlavə vaxtda məsələni həll edə bildilər. Xoşbəxtlikdən sonluq “İnter” üçün yaxşı alındı. İndi onlar “Atletik” barədə düşünürlər. Başa düşürlər ki, döyüşkən oyun sərgiləməlidilər. Realistdilər, bilirlər ki, “Atletik”ə qarşı oynamaq çox çətindi. “San Mames”ə çıxmaq “İnter”in futbolçularına təəccüblü gələcək. Kim istəməz ki, “San Mames”də oyuna çıxsın?

 

- Hazırda komanda axtarışındasız. Təkliflər varmı?

- “İnter”də yaxşı mövsüm keçirdikdən sonra komandadan ayrılası oldum. Ötən mövsüm həm ikinci yeri tutduq, həm də mən çoxlu qol vurdum. Yəni mövsüm mənim üçün uğurlu keçib. Hazırda gözləmə mövqeyi tutmuşam.  Optimistəm. Maraqlı, sərfəli təklif olsa, qəbul edəcəm. İstənilən ölkədən gələn təklifi qəbul edə bilərəm. Təbii ki, maliyyə şərtləri və həmin klubun vəziyyəti yaxşı olsa. Əks təqdirdə, sərhədi aşmayacam.

 

- İki il əvvəl “İnter”i seçməyinizdə nə rol oynamışdı?

- Həmin vaxt Gürcüstanda, Tiflis “Dinamo”sunda çıxış edirdim. Həm çempion olmuşduq, həm də kuboku qazanmışdıq. Klub rəhbərliyi mənə yeni müqavilə təklif etmişdi. Ancaq Azərbaycandan sərfəli təklif aldım. “İnter” onda da Avrokubokda çıxış edirdi. Buna görə də, Bakıya köçməyə razılıq vermişdim.

 

- “Atletik” Bakıda hansı vəziyyətlə üzləşə bilər?

- Bakı müasir şəhərdi, orda çox yaxşı işlər görülür. Bu yaxınlarda Azərbaycanda Avropa Oyunları keçirildi, özü də yüksək səviyyədə. Bakı inkişaf etməkdə olan şəhərdi. Təbii ki, çatışmazlıqları da var. Bakıda tıxac həddindən artıqdı. Bir də Bakıda hava çox isti olur, xüsusilə avqust ayında. Bunu süni örtüklü meydanlarda oyun keçirəndə daha çox hiss edirdik.

 

- “İnter”in azarkeşləri haqda nə deyə bilərsiz?

- Avrokubok oyunlarında stadiona çoxlu azarkeşlər gəlir. “Tromse” ilə qarşılaşanda azarkeş dəstəyimiz möhtəşəm idi. Avrokubokda “İnter”i təkcə klubun azarkeşləri deyil, ümumilikdə bütün ölkə dəstəkləyir.

 

- “Atletik” – “İnter”. Kimə azarkeşlik edəcəksiniz?

- Bilbaoya gedib, oyuna baxacam. Amma bu suala cavab vermək çox çətindi. Mən “İnter”ə azarkeşlik edəcəm. Çünki mərhələ adlasa, UEFA tərəfindən “İnter”ə pullar köçürüləcək. Bu isə həm kluba kömək olar, həm də mənə olan borclarını qaytararlar.

 

 

0