[b]“Bu durum “Qarabağ”ın əleyhinədi” - “Seltik”in məşqçisi[/b]
04.08.2015 - 10:20
[b]“Bu durum “Qarabağ”ın əleyhinədi” - “Seltik”in məşqçisi[/b]

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq “Seltik” Bakıya heç də yüksək əhval-ruhiyyədə gəlməyib. Apasport.az saytının Şotlandiya mətbuatına istinadən məlumatına görə, Qlazqo təmsilçisini ən çox narahat edən məsələlərdən biri də zədəlilərdi.

 

Britaniya mətbuatında yer alan xəbərlərdə qeyd edilir ki, komandada zədəli oyunçuların sayı kifayət qədərdi. Onlardan isə yalnız ikisinin zədəsi ciddidi. Belə ki, Nir Batton və hücumçu Leyq Qriffitsin durumu qeyri-müəyyəndi. Matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün yaxşı durumda olmaması “Seltik”in məşqçilər korpusunu da narahat edir. Onlar Batton və Qriffitsi belə meydançada oynadıb, onları riskə atmaq istəmirlər.

 

“Seltik”in məşqçisi Con Kollins də narahatlığını dilə gətirib. O, müsahibəsində stadionun vəziyyətinin ürəkaçan olmamasının oyunlarına təsir edəcəyini bildirib: “Stadionun durumu ilə maraqlanmışıq. Deyilənə görə, ot xəstəlik tapıb. Bu durum bizim qədər “Qarabağ”ın da əleyhinədi. Onlar ilk matçda göstərdilər ki, yaradıcı futbol oynamağı bacarırlar. Düzdü, “Qarabağ” böyük klub deyil. Ancaq bilirik ki, azarkeşləri onlardan yaxşı oyun tələb edirlər. Səfərdə çıxış etməyimiz və ot örtüyünün yararsız halda olması ideal oyun göstərməyimizə imkan verməyəcək”.

 

Kollins Bakıda Şotlandiyadakı kimi çıxış etməyəcəklərini də bildirib. O, bunu da meydançanın durumu ilə əlaqələndirib: “Belə kələ-kötür meydançada futbolçular gərək diqqətli olsunlar. Xüsusən də, müdafiədə çox oturmaq olmaz. İmkan verməməliyik ki, rəqib meydançanın bizə aid hissəsinə yerləşsin. Biz də oyun taktikasında müəyyən dəyişikliklər etməli olacağıq. O ki qaldı zədəli oyunçularımıza, onlarla bağlı qərarı görüşə bir neçə saat qalmış verəcəyik”.

 

Qeyd edək ki, “Qarabağ” – “Seltik” oyunu sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:30-da başlayacaq. Bu komandalar arasında “Seltik Park”da keçirilən ilk görüşdə meydan sahibləri minimal hesablı (1:0) qələbə qazanıblar.

0