[b]“Bakıda hesabı qorumağa çalışmalıyıq” – israilli futbolçu[/b]
04.08.2015 - 11:20
[b]“Bakıda hesabı qorumağa çalışmalıyıq” – israilli futbolçu[/b]

“Oynayacağımız stadionun vəziyyətini qabartmaq doğru deyil. Axı “Qarabağ” da bizimlə eyni şərtlər altında çıxış edəcək”. Apasport.az saytı xəbər verir ki, bunu “Seltik”in yarımmüdafiəçisi Nir Baton deyib.

 

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində sabah təmsilçimizlə cavab matçında üz-üzə gələcək şotlandlar Tofiq Bəhramov adına Respublika stadionunun durumundan və havaların isti keçməsindən gileylənirlər.

 

Ancaq Baton komanda yoldaşlarından fərqli, bunu bəhanə hesab edir. İsrailli futbolçu Şotlandiya mətbuatına açıqlamasında istənilən halda mübarizə aparmağın vacibliyini vurğulayıb: “Şotlandiyada vurduğumuz 1 qol bizə üstünlük qazandırır. İndi ilk növbədə bu hesabı qorumağa çalışmalıyıq. Əgər komanda şəklində müdafiə oluna bilsək, buna nail olarıq. Düzdü, işimiz çətin olacaq. Ancaq sona qədər əzmkar oyunu davam etdirməliyik”.

 

24 yaşlı oyunçu hesab edir ki, isti havada da yüksək səviyyədə çıxış etmək mümkündü: “Mən belə isti havada çox oynamışam. Artıq iki ildi ki, Şotlandiyadayam. Buna görə də istidə oynamaq təcrübəmi itirmişəm. Şotlandiyalı futbolçular üçün 35 dərəcə istidə oynamağın çox çətin olduğunu bilirəm. Amma fikrimcə, belə temperatorda da yüksək səviyyədə oynamaq olar. Bunun üçün yalnız matça köklənməliyik. Başqa amillərə baş qoşub, vəziyyəti qəlizləşdirməyə ehtiyac yoxdu”.

 

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Seltik” matçı Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

0