[b]“Qəbələ” Cavid Hüseynovun adının iştirak ərizəsinə salınmasına aydınlıq gətirib[/b]
04.09.2015 - 11:45
[b]“Qəbələ” Cavid Hüseynovun adının iştirak ərizəsinə salınmasına aydınlıq gətirib[/b]

“Qəbələ” hazırda həbsdə olan Cavid Hüseynovunun adının Avropa Liqasının qrup mərhələsi üçün təqdim etdiyi iştirak ərizəsinə salınmasına aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, komandanın yaydığı açıqlamada yarımmüdafiəçinin son matçlarda olsa belə, oynamaq şansının olduğu bildirilir.

 

Belə ki, haqqında 3 aylıq həbs qətimkan tədbiri görülən Hüseynov günahsızlığı təsdiq edilsə və azadlığa buraxılsa, son qarşılamalarda meydana çıxa bilər: “Qəbələ” İdman Klubu Cavid Hüseynovun adının Avropa Liqasının qrup mərhələsinin iştirak ərizəsinə salınması ilə bağlı yaranan çoxsaylı suallara cavab olaraq bildirir ki, adıçəkilən futbolçu barəsində seçilən 3 aylıq həbs qətimkan tədbiri noyabrın əvvəlində başa çatır. Qrup oyunları isə dekabrın ortalarınadək davam edəcək. Əgər istintaq nəticəsində Cavid Hüseynovun günahsızlığı təsdiq edilsə və futbolçu azadlığa buraxılsa, o zaman qrup oyunlarında iştirak etmək şansı qazanacaq. Məhz bu ehtimal nəzərə alınaraq, Cavid Hüseynovun adı iştirak ərizəsinə salınıb”.

 

Açıqlamada, həmçinin  Avropa Liqasının qrup mərhələsi üçün təqdim edilən iştirak ərizəsinə sonradan əlavələr etmək mümkün olmadığı xatırlanıb.

 

Xatırladaq ki, avqustun 8-də jurnalist Rasim Əliyev Bayıl qəsəbəsi ərazisində bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Rəsmi məlumata görə, müəyyən edilib ki, Cavid Hüseynov avqustun 6-da “Qəbələ”nin heyətində Kiprin “Apollon” klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə şəxsi “Facebook” səhifəsində tənqidi fikirlər yazmış "Ann.tv"nin videoreportyoru Rasim Əliyevə zəng edərək ondan təkzib verməyi tələb edib. Bundan sonra Hüseynovun bibisi oğlu Elşən İsmayılov da Əliyevə zəng edərək təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə Elşən İsmayılov Əliyevdən qisas almaq məqsədilə özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev,  Kənan Mədətov və Samir Mustafayevlə birlikdə avqustun 8-də onunla görüşüb. Onlar Əliyevə əl və ayaq zərbələri ilə bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıblar. Həmin şəxslər Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda ) maddəsi ilə təqsirli bilinib və barələrində həbs qətimkan tədbiri seçilib. İstintaqın hazırkı mərhələsində Cavid Hüseynovun bibisi oğlu İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

0