[b]Boyanka Kostova: Eyforiyaya qapılmışdım - MÜSAHİBƏ[/b]
30.11.2015 - 12:11
[b]Boyanka Kostova: Eyforiyaya qapılmışdım - MÜSAHİBƏ[/b]

Azərbaycan millisinin ağırlıqqaldıranı Boyanka Kostovanın (58 kq) apasport.az saytına müsahibəsi

 

- Dünya çempionu olduqdan sonra saytımıza açıqlama verdiyiniz vaxt çox yorğun hiss olunurduz. Hətta yuxunuzun gəldiyini deyirdiz. Həqiqətəmi, çox yorulmuşduz?

- Belə deməzdim. O qədər də çox yorulmamışdım. Bu, mənin üçün normal hal idi. Yarışdan sonra qələbənin təsiri – eyforiyaya qapılmışdım.

 

- Həmin vaxt belə bir qorxu yox idi ki, bunlar bir yuxuydu və yatıb-durduqdan sonra bütün bunların həqiqət olmadığını görəcəksiz...

- Heç bir qorxum yox idi. Çünki mən özümə və qələbəmə əmin idim. İnanırdım ki, yuxudan durduqdan sonra da dünya çempionluğumu kimsə əlimdən ala bilməz.

 

- Əmin olduğunuz uğurun sirri nədədi?

- Çempionluğumun əsas səbəbi səylə çalışmağımda, həmçinin rejimə düzgün əməl etməyimdədi. Əzmkarlığımı da xüsusi vurğulayardım.

 

- Qadın ağırlıqqaldırmasında hegemonluq edən asiyalıları üstələməyinizi nə ilə izah edərdiz? Onları necə qabaqladız?

- Dünya çempionatına daha yaxşı hazırlaşmışdım. Yüksək səviyyədə məşq etməyimin sayəsində çinli rəqibimi arxada qoydum. Lakin qadın ağırlıqqaldırması tək Çində deyil, başqa ölkələrdə də inkişaf edib. Yəni, tək asiyalılarla deyil, digər qitələrdən də güclü rəqiblərim vardı və onlarla da mübarizə aparırdım.

 

- Təkanla qaldırmada cəhdlərinizdən biri boşa çıxdı. Bu nə ilə bağlı idi? Artıq özünüzü çempion hiss edirdiz, yoxsa həyəcan vardı?

- Arada belə şeylər olur. Heç bir atlet bundan sığortalanmayıb və hər biri bu hadisəni yaşaya bilər.

 

- Siz qadınlar arasında Azərbaycan ağırlıqqaldırma tarixində ilk Avropa çempionu olmaqla tarix yazmışdız. Bu dəfə isə dünya çempionatında eyni nailiyyətə imza atdız. Növbəti hədəfiniz nədi?

- Növbəti hədəfim Olimpiya Oyunlarıdı. Olimpiadadan da qızıl medalla dönmək iddiasındayam.

 

- Mundiala yollanacaq Azərbaycan millisinin ilkin heyətində sevgilin İvan Stoitsov da yer almışdı. Lakin o, son anda ABŞ-a yollanmadı. Stoitsovun 5 ildə yığmamızın heyətində debütünün bu dəfə də baş tutmamasının səbəbi nə idi?

- Məsələ heç də onda deyil ki, o, yarışda iştirak etmək istəmirdi. İvan həmin vaxt çox yaxşı formadaydı və çox istəyirdi ki, dünya çempionatına qatılsın. Lakin yarış öncəsi dizindən və dirsəyindən ciddi zədə aldı. Bu da onun millidən kənar düşməsinə səbəb oldu.

 

- Bu yaxınlarda Azərbaycanla müqaviləniz başa çatır. Onu uzadacaqsızmı və nə vaxta kimi millimizin şərəfini qorumaq istərdiz?

- Çıxış edə biləcəyim müddətdə nə qədər gücüm varsa Azərbaycan yığmasının uğurları üçün xərcləyəcəm. Lakin uğurlarımı qazanmaqda xidməti olanlara təşəkkürümü çatdırmaq istəyirəm. Böyük dəstəyə görə Stoitsovuma minnətdaram. O, həmişə yanımda olub. Şəxsi məşqçim Nizami Paşayev hazırlığımda xüsusi rol oynayıb. Federasiyamızın prezidenti Cahangir Əsgərova və “Neftçi İdman Klubu”na, bir sözlə, dünya çempionluğumda əməyi keçən hər kəsə təşəkkür edirəm.  

0