[b]Elşən Abdullayev: Rəqibi düzgün qiymətləndirmədik[/b]
05.02.2016 - 22:14
[b]Elşən Abdullayev: Rəqibi düzgün qiymətləndirmədik[/b]

“Xal itirdiyimizə görə komanda olaraq çox üzgünük. “Rəvan” yaxşı təsir bağışladı. Çox çətin oyun oldu. Əlimizə düşən imkanlardan istifadə edə bilmədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Elşən Abdullayev deyib.

 

Topaz Premyer Liqasının XX turu çərçivəsində “Rəvan”la oyundan sonra bərabərliyi dəyərləndirən yarımmüdafiəçi fikirlərini bölüşüb: “Bəlkə də xal itkisində rəqibi dəyərləndirməməyimizin də rolu oldu. Gələn oyunlarda bunu kompensasiya etməyə çalışacağıq”.

 

Oyunçu əsas heyətdə oynamamasının da səbəbini açıqlayıb: “Zədəli idim və təxminən 2 ay futbol oynamadım. Tam hazır deyiləm, ona görə də, baş məşqçi çox yükləmək istəmir. Keçən oyun 10 dəqiqə, bu gün bir hissə, tədricən formamı bərpa edəcəm”.

 

Matç ərzində hücumların məntiqi sonluqla yekunlaşmamasını isə gənc yarımmüdafiəçi tələskənliklə əlaqələndirib: “Bir az tələskənlik var idi, bəlkə də zərbələrin alınmaması onunla əlaqədar idi. Rəqib də çox yaxşı müdafiə olunurdu. Bu cür komandalara qarşı oynamaq həmişə çətin olub. Yoldaşlarım əsas heyətdə meydana çıxmışdılar, onların adından nəsə deyə bilmərəm. Ancaq belə düşünürəm ki, rəqibi düzgün qiymətləndirmədik, ona görə də xal itirdik”.

 

Elşən Abdullayev qarşıdakı oyun haqqında da danışıb: “Xəzər Lənkəran”la oyundan ancaq qələbə gözləyirik. Başqa çıxış yolumuz yoxdu. Həm əzəli rəqibdi, həm də bu tur xal itirmişik. Cənubluların zəiflədiyini düşünmürəm. Bu gün “Rəvan” da göstərdi ki, hamıya qarşı ciddi yanaşmalıyıq”.

0