[b]“Əvvəldən bilirdik ki, taleyimiz Azərbaycanla oyundan asılıdı"[/b]
10.02.2016 - 15:58
[b]“Əvvəldən bilirdik ki, taleyimiz Azərbaycanla oyundan asılıdı"[/b]

“Avropa çempionatında qarşımıza qrupdan çıxmaq məqsədi qoymuşduq. Əfsuslar olsun ki, istəyimiz həyata keçmədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çexiya yığmasının futzalçısı David Çupak deyib.

 

Serbiyada keçirilən Avropa çempionatında Azərbaycan və İtaliya ilə eyni qrupda mübarizə aparmış çexlər hər iki oyunda meydanı məğlub tərk etmişdilər.

 

Ölkəsinin mətbuatına açıqlamasında Çexiyanın turnirdəki çıxışını dəyərləndirən Çupak maraqlı fikirlər səsləndirib.

 

O, növbəti mərhələyə yüksəlmək şanslarının Azərbaycanla oyundan asılı olduğunu əvvəldən bildiklərini, lakin lazım olan nəticəni qazana bilmədiklərini vurğulayıb: “Taleyimizin Azərbaycanla oyundan asılı olduğunu əvvəldən bilirdik. Bu görüşdə qalib gəlməli idik, meydana da bunun üçün çıxmışdıq. Lakin alınmadı”.

 

Çupak millimizlə müqayisədə İtaliyanın daha güclü olduğunu etiraf edib: “Son Avropa çempionu İtaliya ilə oyunda erkən qol buraxdıq. 20-ci saniyədəcə onlar qapımıza yol tapdılar. Həmin görüşdə düşündüyümüz taktika, ümumiyyətlə, baş tutmadı və çoxlu boşluqlar verməyə başladıq. İtaliya futzalı necə oynamaq lazım olduğunu bizə başa saldı. Həm Azərbaycan, həm də İtaliya ilə görüşlər göstərdi ki, tam hazır deyilsənsə, bu cür turnirdə oynaya bilmərsən. Demək olar ki, bütün futzalçılarımız fiziki cəhətdən çatdırmırdılar. Əgər meydanda üstünlüyü ələ keçirə bilmirsənsə, mütləq boşluqlar verəcəksən”.

 

Qeyd edək ki, Çexiyanın mübarizə apardığı qrupdan növbəti mərhələyə İtaliya və Azərbaycan yığmaları yüksəlsə də, hər iki komanda turnirlə artıq vidalaşıb. Millimiz ¼ finalda Rusiyaya, italiyalılar isə Qazaxıstana uduzublar. 

0