[b]“Bu işdə hamını fəal olmağa çağırıram” - Nigar Arpadarai[/b]
11.02.2016 - 11:05
[b]“Bu işdə hamını fəal olmağa çağırıram” - Nigar Arpadarai[/b]

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) bu gün “Hilton” otelində yerli Kütləvi İnformasiya Vasitələrinin (KİV) nümayəndələri üçün 2016 “Formula-1” Avropa Qran-Prisinin akkreditasiya qaydaları haqqında seminar keçirir. Apasport.az saytının məlumatına görə, 70-ə yaxın iştirak etdiyi seminarda iştirakçılara bu ilin yayında Bakıda ilk dəfə keçiriləcək “Formula-1” yarışının akkreditasiya prosesi haqqında ətraflı məlumat verilib.

 

Bildirilib ki, yerli media nümayəndələri üçün nəzərdə tutulan akkreditasiya prosesi 1-31 mart tarixləri arasında online qaydada, BŞH-nın rəsmi internet səhifəsi vasitəsilə həyata keçiriləcək.

 

Tədbirdə açılış nitqi söyləyən BŞH-nın Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri və “Formula-1” Avropa Qran-Prisinin milli mətbuat katibi Nigar Arpadarai yarışa hazırlıqla bağlı görülən son işlərdən danışıb və jurnalistləri akkreditasiya prosesində fəal olmağa dəvət edib: “Bu il Bakıda ilk dəfə keçiriləcək “Formula-1” Avropa Qran-Prisində yerli jurnalistlərin iştirakı bizim üçün olduqca əhəmiyyətlidi. Xüsusilə də, “Formula-1” kimi dünya əhəmiyyətli bir yarışa vəsiqə qazanıb onu işıqlandırmaq jurnalistlərimiz üçün nadir fürsətdi. Bu işdə hamını fəal olmağa çağırıram”.

 

Daha sonra çıxış edən BŞH-nın KİV əməliyyatları üzrə meneceri Ayan Ağayeva iştirakçıları akkreditasiya qaydaları ilə tanış edib. Seminar Avropa Qran-Prisinin rəsmi elçisi Rəhim Əliyevin çıxışı ilə davam edib. “Formula-1” şərhçisi Əliyev tədbir iştirakçılarına Qran-Pri yarışlarını işıqlandıran jurnalistlərin fəaliyyəti barədə məlumat verib, həmçinin bu sahədə olan təcrübəsini yerli media nümayəndələri ilə bölüşüb.

 

3 saat davam etməsi nəzərdə tutulan seminarın sonunda qeyri-rəsmi qaydada sual-cavab sessiyası keçiriləcək. BŞH-nin media əməliyyatları üzrə rəsmiləri jurnalistlərin akkreditasiya prosesi, eyni zamanda yarışla əlaqədar suallarını cavablandıracaqlar.

 

0