[b]Orxan Sadıqlı: Başqa qapıçı da o topu tuta bilməzdi – MÜSAHİBƏ[/b]
15.02.2016 - 00:00
[b]Orxan Sadıqlı: Başqa qapıçı da o topu tuta bilməzdi – MÜSAHİBƏ[/b]

“Xəzər Lənkəran”ın qapıçısı Orxan Sadıqlının apasport.az saytına müsahibəsi.

 

- “Neftçi” ilə oyunda son dəqiqələrdə qol buraxdınız və məğlub oldunuz. Belə məğlubiyyəti qəbul etmək çətin deyil?

- Rəqibi təbrik edirəm. Oyunun ədalətli nəticəsi heç-heçə idi. Biz də mübarizə apardıq, qol epizodları yaratdıq, bir sözlə, xal qazanmaq üçün əlimizdən gələni etdik. Həmin epizodda topun futbolçunun ayağının altından keçməsi, uzaq dirəyin yanından tora daxil olması... Bəxtimiz gətirmədi.

 

- Necə düşünürsünüz, qola mane ola bilərdinizmi?

- Buna mane olmaq üçün edə biləcəyimi etdim, amma əlim çatmadı. Həmin vaxt qapıda başqa qapıçı olsaydı belə, o topu tuta bilməyəcəkdi. Topun trayektoriyası dəqiq alındı.

 

- Fasilədən sonra “Xəzər Lənkəran” daha fəal idi və qol imkanı da az deyildi. Ancaq sona yaxın qolu buraxdınız. Yorulmuşdunuz?

- Yorğunluq var idi. Çünki gəldik, məşq etdik, oyuna çıxdıq. Birinci hissədə özünəinam az idi. Amma fasilədə baş məşqçinin tapşırıqlarından sonra komanda oyununu düzəltdi. Heyətimiz kasaddı, iki futbolçumuz cəzalı olduğuna görə meydana çıxmamışdı. Onlar olsaydı, oyunumuz fərqli alına bilərdi. Həm də təcrübəsiz futbolçularımız çoxdu. Qarşıda “Zirə” ilə oyunumuz var, ona hazırlaşacağıq. Sona yaxın top buraxmaq adamı məyus edir.

 

- Komandada ümumi vəziyyət necədi?

- Heyətimizin əsasını gənclər təşkil edir. 3-4 təcrübəli futbolçumuz var. Çalışırıq sözü bir yerə qoyaq və bacardığımız qədər komandamıza kömək edək. Ümid edirəm ki, yayda komanda güclənəcək. Çünki “Xəzər Lənkəran” hər zaman iddialı olub, çempion olmaq, Avropa Liqasına vəsiqə qazanmaq üçün mübarizə aparıb. Lənkəran o günlər üçün darıxıb. Yenə 15 min insanın qarşısında meydana çıxmaq istəyirik.

 

- Rəhbərliklə münasibət necədi? Futbolçularla maraqlanırlarmı?

- Sonuncu dəfə “Rəvan”la oyundan əvvəl görüşmüşük. Sonra baş məşqçi dedi ki, rəhbərliyin salamı var. Ümid edirik ki, hər şey yaxşı olacaq. Yenidən güclü, iddialı komandamız olacaq.

 

- Liqada qalmaq tapşırığının öhdəsindən necə, gələ biləcəksinizmi?

- Bizdən üstün sırada qərarlaşan “Sumqayıt”ın aktivində 18 xal var. Onların xal itirməsini gözləyəcəyik. Əlbəttə, çalışırıq onlara çataq. Liqadakı yerimizi qorumaq üçün oynayırıq və inanıram ki, yeni mövsümdə fərqli “Xəzər Lənkəran” görəcəyik.

 

- Qış fasiləsi zamanı normal hazırlıq keçmədiniz. Bu hiss olunurmu?

- Toplanış keçməmişik. Komanda cəmi 50 faiz hazırdı. “Rəvan”la matçda 70 dəqiqə dözdük. Yoruluruq, ayaqlarımız beyinin tapşırığını yerinə yetirə bilmədi. Mart ayının ortalarına qədər hazır olacağıq.

0