[b]“Təhlükəsizlik tədbirləri daha güclü olacaq” – MÜSAHİBƏ[/b]
14.04.2016 - 13:02
[b]“Təhlükəsizlik tədbirləri daha güclü olacaq” – MÜSAHİBƏ[/b]

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədovun apasport.az saytına müsahibəsi

 

- Əvvəlcə FİDE rəsmilərinin Bakıya səfəri haqda danışmaq istərdik. Beynəlxalq Şahmat Federasiyasının nümayəndələriylə hansı məsələlər müzakirə edildi?

- FİDE prezidenti vəzifəsini icra edən Georgios Makropulosun rəhbərlik etdiyi nümayəndə heyətiylə bir sıra vacib məsələlər müzakirə olundu. Şahmat Olimpiadasının keçiriləcəyi “Crystal Hall”da olduq. Qonaq komandaların məskunlaşacağı otellərlə əməkdaşlıq memorandumu imzalandı. Görülən işlərlə bağlı hesabat verildi. Əməliyyat Komitəsiylə FİDE rəsmilərinin görüşündə qonaqların viza məsələsi, olimpiadanın açılış və bağlanış mərasimi, hakim və şahmatçıların qarşılanması və yerləşdirilməsi və digər mühüm məsələlər barədə fikir mübadiləsi oldu.

 

- Bu günə qədər Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin gördüyü işləri necə qiymətləndirirsiniz?

- Ümumdünya Şahmat Olimpiadasının yüksək səviyyədə təşkil olunması üçün xeyli iş görülüb. Təşkilati işlər plan üzrə davam edir. Olimpiadaya hazırlıq həlledici mərhələyə qədəm qoyur. Bundan sonra FİDE rəsmiləri hər ay Azərbaycan paytaxtına səfər edəcək. Hər ay görülən işlərlə yerində tanış olacaqlar. Bu günə qədər Əməliyyat Komitəsində bütün departamentlər təsdiqlənib. Yarışın harada və necə keçiriləcəyi dəqiqləşib. Arenada lazımi media mərkəzi, VİP sektor və digər yerlərin bölgüsü olunub. Hazırda 42-ci Şahmat Olimpiadasının açılış və bağlanış mərasimlərinin ssenarisi hazırlanır.

 

- Yeri gəlmişkən, olimpiadanın açılışı harada keçiriləcək?

- Bununla bağlı tender elan olunub. Artıq mərasimi təşkil edəcək şirkətlə bağlı tenderin qalibi məlumdu. Onlar tərəfindən bizə iki arena təklif olunub. Hazırda son qərar verilməyib. Açılış və bağlanış mərasimində yerli mütəxəssislərin təcrübəsindən istifadə olunacaq. Qonaqlara Azərbaycan mədəni irsini nümayiş etdirmək istəyirik. Yaxın günlərdə mərasimin keçiriləcəyi məkan təsdiqlənəcək.

 

- Mötəbər yarışda iştirak etmək üçün Bakıda çoxlu sayda qonaqlar və iştirakçılar gələcək. Onların viza məsələsi necə həll olunacaq?

- İlk gündən Gənclər və İdman nazirliyi bizə yaxından kömək edir. Viza məsələsində nazirliyin təcrübəsindən istifadə olunacaq. Qonaqların rahat şəkildə viza alması məsələsi müzakirə edilib. Fikrimcə, heç bir problem olmayacaq.

 

- Turnir zamanı təhlükəsizlik məsələsi necə olacaq. Yəqin, bu məsələ diqqətdədi.

- Müvafiq orqanlarla danışıqlar gedir. Yarış zamanı təhlükəsizlik məsələsinin yüksək səviyyədə olması üçün lazımi işlər görülür. 2015-ci ildə Bakı şahmat üzrə Dünya Kubokunu yüksək səviyyədə təşkil etdi. Bu dəfə ölkələr və şahmatçıların sayı çoxdu. Olimpiadada 175-dən çox ölkə olacaq. Ona görə təhlükəsizlik tədbirləri daha güclü olacaq.

 

- Azərbaycan yığmalarının hazırlıq planı barədə məlumat verərdiniz. Komandaların heyətləri nə vaxt açıqlanacaq?

- Bu məsələ Azərbaycan Şahmat Federasiyasının diqqətindədi. Bildiyiniz kimi həm kişilər, həm də qadınlar arasında 3 komandayla təmsil olunacağıq. Artıq yığmaların kapitanları və hazırlıq planı dəqiqləşib. Komandalar təlim-məşq toplanışında iştirak edəcək. Tezliklə yığmalarımızın heyəti mətbuata açıqlanacaq.

 

Mənbə: Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidməti

 

 

 

0