[b]AÇ-2016: “Qarabağ”dan Fransaya[/b]
28.04.2016 - 15:25
[b]AÇ-2016: “Qarabağ”dan Fransaya[/b]

Fransada keçiriləcək Avropa çempionatının startına 43 gün qalıb. Apasport.az saytı qitənin ən nüfuzlu turnirinin iştirakçılarının təqdimatını A qrupunun sonuncusu ilə davam etdirir. Püşkatma zamanı sonuncu səbətdə yer alan “Dağ qartalları” tarixində ilk dəfə bu yarışda qüvvəsini sınayacaq.

 

Azərbaycan futbolsevərləri üçün Albaniya millisi ilk növbədə Ansi Aqollinin komandasıdı. “Qarabağ”ın heyətində ən çox oyun keçirən legioner yığmasının da aparıcı simasıdı. Müdafiəçi seçmə mərhələdə də uğurları üçün çalışdığı komanda ilə Fransaya getməyə namizəddi. Yalnız qeyri-adi nə isə baş versə, Ansi heyətdən kənar qala bilər. Əks halda isə o, Azərbaycan futbolu tarixinə Avropa çempionatının final mərhələsinə Azərbaycan klubundan yollanan ilk legioner kimi tarixə düşəcək.

 

Tarixi ərzində dünya və Avropa çempionatlarının final mərhələsinə nəinki düşməyən, hətta yaxın belə olmayan albaniyalıların işinə yarış iştirakçılarının sayının 24-ə çatdırılması da yarayıb. Lakin bu bölgədə futbolun son illərdə inkişafda olması da tarixi uğurun əsasını qoyub. Artıq bu ölkənin klubları da avrokuboklardakı qapazaltı imicindən qurtulub, futbolçuları isə qitənin müxtəlif klublarında çıxış edir.

 

Albaniya millisi seçmə mərhələni Kriştianu Ronaldolu Portuqaliya üzərindəki səfər qələbəsi ilə başlayıb. Serbiya ilə səfər oyununda baş verən qalmaqaldan sonra texniki qələbə əldə olunması isə Canni de Biaznin yetirmələri üçün həlledici üstünlüyə çevrilib. İkinci yer uğrunda əsas rəqibi Danimarkaya da uduzmayan Aqolli və komandası serbiyalılara yenilsə də, Ermənistan üzərində iki qələbə ikinci yerin taleyini həll edib.

 

Bu uğurların əsas memarı italiyalı baş məşqçi de Biazidi. 2011-ci ildə bu posta gətirilən orta səviyyəli çalışdırıcı işi ilə özündən də söz etdirib. Komandanın qapıçısı Ertit Berişanın da qazanılan nəticələrdəki əməyi böyükdü. Çünki güclü rəqiblərlə qarşılaşmalarda daha çox müdafiə olunan Albaniyanın az qol buraxmasında qolkiperin ustalığı xüsusi qeyd edilməlidi. Arxa xəttin sağında Elseid Husay, solunda isə Aqolli çıxış edir. Mərkəzdə isə yığmanın aşkar lideri və oyun sayındakı rekordçusu Lorik Kana çıxış edir. Onunla yanaşı Mercim Mavray yer alır. Amma sonuncu zədəli olduğundan Arlind Adjeti və Berat Cimsitinin də şans qazanması mümkündü.

 

“Qırmızı-qaralar”ın ən güclü xətti müdafiədisə, baş məşqçinin orta sahə və hücumla bağlı axtarışları davam etməkdədi. Düzdü, yarımmüdafiədə Ledyan Memuşay, Miqyen Başa və Talant Caka kimi oyunçular yer alıb.

 

Maraqlıdı ki, sonuncunun qardaşı Qranit İsveçrə millisində çıxış edir. Bu isə o deməkdi ki, qardaşlar artıq qrup mərhələsində fərqli yığmaların oyunçuları kimi üz-üzə gələ bilər.

 

De Biazi qolçuluq bacarığına malik hücumçunun yoxluğundan əziyyət çəkir. Həmdi Salihi artıq gəncliyindəki qədər effektli olmadığından çalışdırıcı Bekima Balaya güvənən bilər. Bu hücumçu da etimadı doğrultmasa, albaniyalılar yenə yarımmüdafiəçilərin ümidinə qalacaq.

 

 

FİFA reytinqində: 45-ci yer

Ləqəbi: Dağ qartalları, qırmızı-qaralar

İlk oyun: Yuqoslaviya – 2:3 (1946)

Ən böyükhesablı qələbə: Vyetnam – 5:0 (2003), Kipr – 6:1 (2009)

Ən böyükhesablı məğlubiyyət: Macarıstan – 0:12 (1950)

Titulları: yoxdu

Ən çox oyun: Lorik Kana (90)

Ən çox qol: Eryon Boqdani (18)

Final mərhələsinə yolu: I qrupunda II yer: 4 qələbə, 2 heç-heçə, 2 məğlubiyyət, top fərqi 10-5, 14 xal

Portuqaliya - 0:1, 1:0*    

Danimarka – 1:1, 0:0

Serbiya – 0:2, +:-

Ermənistan – 2:1, 3:0

* - əvvəl ev, sonra səfər oyunu

Əvvəlki Avropa çempionatlarında:

1960 – iştirak etməyib

1964 – final mərhələsinə yüksələ bilməyib

1968 – final mərhələsinə yüksələ bilməyib

1972 – final mərhələsinə yüksələ bilməyib

1976 – iştirak etməyib

1980 – iştirak etməyib

1984 – final mərhələsinə yüksələ bilməyib

1988 – final mərhələsinə yüksələ bilməyib

1992 – final mərhələsinə yüksələ bilməyib

1996 – final mərhələsinə yüksələ bilməyib

2000 – final mərhələsinə yüksələ bilməyib

2004 – final mərhələsinə yüksələ bilməyib

2008 – final mərhələsinə yüksələ bilməyib

2012 – final mərhələsinə yüksələ bilməyib

Baş məşqçi: Canni de Biazi

Kapitan: Lorik Kana

AVRO-2016-da oyunları:

11 iyun. 17:00. Albaniya – İsveçrə

15 iyun. 23:00. Fransa – Albaniya

19 iyun. 23:00. Rumıniya – Albaniya

0