[b]“Bu, bir qədər tələsik verilmiş, emosional qərardı” – Mahir Rüstəmli[/b]
28.04.2016 - 17:49
[b]“Bu, bir qədər tələsik verilmiş, emosional qərardı” – Mahir Rüstəmli[/b]

“Təxminən 3-4 gündü layihələr çərçivəsində yazıların dərc olunması prosesi başlayıb. Hazırda onların monitorinqi ilə məşğuluq”. Bu sözləri apasport.az saytına AFFA yanında Media Komitəsinin sədri Mahir Rüstəmli deyib.

 

Martın 11-də təsdiqlənən AFFA yanında Media Komitəsi artıq ilk layihəsinə start verib. Komitənin dünənki iclasında da məhz bu məsələlərin müzakirəsi aparılıb. Rüstəmli yazılarda müəyyən nöqsanlara rast gəldiklərini söyləyib: “Dünənki iclasda ayrı-ayrı istiqamətlərdə yazıların monitorinqi ilə məşğul olacaq üzvlər müəyyənləşdi. Hələlik ilkin yazılardı. Onlarda müəyyən təcrübəsizlik də, bəzi məsələlərdən bixəbər olmaq da var. Amma nəzərə almaq lazımdı ki, bu proses yeni relsə düşüb. Belə demək mümkünsə, ilk yazılara eksperiment gözü ilə baxırıq. Amma getdikcə inkişaf edəcək və inanıram ki, hədəflərimizə nail ola biləcəyik”.

 

Komitə sədri layihə ilə bağlı yaranmış narazılıqlara da aydınlıq gətirib: “İş olan yerdə narazılıq da olacaq. Layihə müsabiqəsində iştirak edənlərdən “sportal.az” saytı qalib gələ bilməməyi mülahizəsi ilə qurumun üzvlüyündən çıxdı. Mənə elə gəlir ki, bu, bir qədər tələsik verilmiş, emosional qərardı. İrəlidə bizim hələ çoxlu layihələrimiz olacaq. AFFA yanında Media Komitəsinin xəttindən də kənarda başqa layihələr olacaq. Emin Abbasovun rəhbərlik etdiyi “sportal.az” saytı həmin layihələrdə iştirak edə bilərdi. Mənə elə gəlir ki, zamanla bu qərarın səhv olduğunu onlar da anlayacaqlar. İş getdikcə bir müddət sonra fikirləşəcəklər ki, bu, tələsik atılmış addım idi. Layihəsi keçməyən başqa adamlar da var. Onların da hər birinə layihələrinin niyə qəbul olunmadığına dair izahat yazıb göndərəcəyik”.

 

Rüstəmli Media Komitəsinin gələcək planlarından da söz açıb. O, jurnalistlərin maarifləndirilməsi yönündə işlər aparılacağını da vurğulayıb: “Artıq necə çalışacağımızı müəyyənləşdirmişik. İlk layihə müsabiqəsinin istiqamətini müəyyənləşdirmişik və layihələri də qəbul etmişik. Qaliblər də məlumdu. Hazırda 17 layihə icra olunur. İcra müddəti də iyunun sonuna qədərdi. Təbii ki, bununla kifayətlənməyəcəyik. Bu, yalnız bizim fəaliyyət istiqamətlərimizdən biridi. Başqa çoxlu planlarımız da var. İdman yazarlarının peşəkarlığının, səviyyəsinin artırılmasını, onlar üçün xarici dil kursunun açılmasını nəzərdə tuturuq. Çalışırıq ki, ən azı ingilis dilini öyrənsinlər. Klublarla idman jurnalistləri arasındakı münasibətləri tənzimləmək baxımından bəzi planlarımız var. Həm Avrokubokda iştirak edəcək klubları həm də beynəlxalq səfər oyunlarına yollanan yığmalarımızı müşayiət edəcək jurnalistlərin siyahısının müəyyənləşdirilməsi ilə bağlı planlar var. Bu məsələlər də zamanla həll olunacaq”.

 

 

0