[b]Ukraynalılar Qriqorçuku “Karpatı”ya aparır[/b]
29.04.2016 - 17:15
[b]Ukraynalılar Qriqorçuku “Karpatı”ya aparır[/b]

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun adı daha bir klubun çalışdırıcı postuna namizədlər sırasına düşüb. Apasport.az saytının məlumatına görə, Ukrayna mətbuatı 51 yaşlı mütəxəssisi Premyer Liqanın “Karpatı” klubunda görür.

 

Belə ki, ukraynalı həmkarlarımız çempionatın ortababı olan Lvov klubunun yayda baş məşqçisi Vladimir Bezubyakla yollarını ayıracağını iddia edir. Onlar klub rəhbərliyinə posta 7 namizədin siyahısını da müəyyənləşdirib.

 

“Qəbələ”ni Avropa Liqasının qrupuna daşıyan Qriqorçuk da bu siyahıya düşüb. Onunla yanaşı, Zaqatala “Simurq”unun tarixinə çempionatda ən çox qol vuran futbolçu kimi düşən Vladimir Mazyar da namizədlərdən biridi. İqor Raxayev, Andrey Tlumak, Sergey Kovalets, Aleksandr Sevidov, İqor Yoviçrviç də 7 namizəd sırasındadı.

 

Ukrayna mətbuatı Qriqorçuku Prikarpatyenin ən uğurlu məşqçisi hesab edir. Onun müqaviləsinin 2017-ci ilin iyununda başa çatacağını vurğulayan həmkarlarımız son nəticələrin uğurlu olmamağı üzündən baş məşqçisinin işsiz qalma ehtimalını önə çəkib: “Açıq və səmimi olan Qriqorçuk daim öyrənməkdə davam edir və yeni iş metodlarının komandasına tətbiqinə çalışır. O, hər oyunçuya fərdi yanaşma tərzinə malikdi və nəzəriyyəyə, gərgin məşqlərə böyük diqqət ayırır. Futbolçuların psixologiyasına ciddi önəm verən mütəxəssis yetirmələrinin güclü tərəflərindən maksimum faydalanmağa çalışır. Onun komandaları kompakt və zəngin oyunu ilə seçilir, rəqibdən asılı taktikanı dəyişməyi bacarır. Qriqorçuk 2-3 ötürmə ilə sürətli hücum quran, cinah oyunçularının həm hücum, həm müdafiədə çıxış etdiyi komanda formalaşdırır”.

 

Qeyd edək ki, ötən il adı Ukrayna yığması ilə yanaşı hallanan Qriqorçuk

bir müddət əvvəl Rusiyanın “Kuban” klubunun baş məşqçisi postuna namizəd kimi göstərilsə də, artıq şimallılar bu variantın alınmaması ilə barışıb.

0