[b]Çempionlar Liqası: Madrid finalı baş tutacaqmı?[/b]
02.05.2016 - 17:21
[b]Çempionlar Liqası: Madrid finalı baş tutacaqmı?[/b]

Sabah UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə “Bavariya” və “Atletiko”, mayın 4-də isə “Real” və “Mançester Siti” komandaları münasibətlərinə aydınlıq gətirəcəklər.

 

Madriddə keçirilmiş ilk görüşdə “Atletiko”ya uduzan (0:1) “Bavariya” öz meydanında həm məğlubiyyətin əvəzini çıxmaq, həm də finala vəsiqə qazanmaq niyyətindədi. Mövsümün sonunda münhenliləri tərk edəcək Xosep Qvardiola ÇL-in kubokunu qazanaraq, postundan ayrılmağı planlaşdırır. İspaniyalı çalışdırıcı “Barselona”nın “sükanı” arxasında 2 dəfə bu uğura imza atsa da, “Bavariya”da çalışdığı müddətdə hələ buna nail olmayıb. Onun rəhbərliyi altında əvvəlki hər 2 mövsümdə “Bayern” mübarizəni yarımfinalda dayandırıb. Bu dəfə də analoji vəziyyətlə üzləşməmək üçün almanlar “Atletiko” səddini keçməlidilər. Hərçənd ki, ilk oyunda qeydə alınan nəticə Madrid klubunun finala adlamaq şansını artırır. Dieqo Simeonenin komandası səfərdə 1 qol vuracağı halda, “Bavariya” istəyinə çatmaq üçün 3 dəfə fərqlənmək məcburiyyətində qalacaq.

 

Hər iki komandanın heyətlə bağlı problemləri var. Qonaqlarda Tiaqonun matçı buraxacağı dəqiqdisə, Yannik Karrasko və Dieqo Qodinin iştirakı sual altındadı.

“Bavariya”da isə ay yarımdı yaşıl meydanlardan uzaq qalan Aryen Robben bu görüşü buraxacaq. Fevralda ayağı qırılan Holqer Badştuber də hələ sıraya dönməyib. Komandanın digər aparıcı üzvü Frank Riberi isə zədəsini sağaldıb. Fransalı yarımmüdafiəçi açıqlamasında “Atletiko”ya qarşı oynamağa hazır olduğunu bildirib.
 

Digər matçda isə “Real” “Mançester Siti”ni qəbul edəcək. Bu komandaların İngiltərədə keçirilmiş ilk oyununda qolsuz bərabərlik qeydə alınıb. Cavab görüşündə doğma meydan amili “qalaktikos”un xeyrinə olacağı halda, “şəhərlilər” səfər qolu üstünlüyündən yararlanmağa çalışacaqlar. Yəni “Santyaqo Bernabeu”da qeydə alınacaq istənilən qollu heç-heçə Manuel Pelleqrininin komandasını finala daşıyacaq. Qvardiola kimi, Pelleqrini də mövsümün sonunda postunu tərk edəcək. Maraqlıdı ki, çilili çalışdırıcı “sükanı” məhz elə Qvardiolaya təhvil verəcək. Odu ki, Pelleqrini də “Mançester Siti”ni tarixi uğurla tərk etmək arzusundadı.

 

“Real”la ilk görüşdə zədələnən Davil Silva 1 aylıq sıradan çıxdığından, Madriddəki qarşılaşmada komandasına kömək edə bilməyəcək. Digər zədəli Yaya Ture “kral klubu” ilə ilk matçı buraxmışdı. Onun cavab qarşılaşmasında da iştirakı sual altındadı. Bundan əlavə, komandanın digər aparıcı oyunçusu Xesus Navas “Sauthempton”la çempionat görüşündə zədələnib. Pelleqrini ispan yarımmüdafiəçinin də “Real”la oyunu buraxacağını istisna etməyib.

 

La Liqada çempionluq şansı qalan “Real” əsas diqqəti Çempionlar Liqasına yönəldib. Bunu baş məşqçi Zinəddin Zidanın “Real Sosyedad”la çempionat görüşünə buraxdığı heyətdən də anlamaq mümkündü. “Zizu” əsas heyətin bir neçə üzvünə istirahət verib, onları “Mançester Siti” ilə qarşılaşmaya saxlamışdı. Lakin madridlilərin də heyətlə bağlı problemləri var. Zidanın əsas narahatlığı Kriştianu Ronaldo və Kərim Benzema ilə bağlıdı. “Mançester Siti” ilə ilk oyunda dizaltı vətərindən zədələnən Benzemanın mayın 4-də keçiriləcək matçda iştirakı sual altındadı. Ronaldonun da durumuna tam aydınlıq gəlməyib. “Mançester Siti” ilə ilk oyunu, həmçinin La Liqada “Rayo Valyekano” və “Real Sosyedad”la görüşləri buraxan 31 yaşlı superulduz məşqlərə başlasa da, “şəhərlilər”ə qarşı oynayıb-oynamayacağı dəqiq bilinmir.

 

 

Çempionlar Liqası

Yarımfinal mərhələsi, cavab oyunları

 

 

3 may

22:45. “Bavariya” (Almaniya) – “Atletiko” (İspaniya)

İlk oyun - 0:1

Hakimlər: Cüneyt Çakır, Çem Satman, Tarık Ongün, Sərkan Ok

Əlavə köməkçi hakimlər: Hüseyin Göçək, Barış Şimşək (hamısı Türkiyə)

Münhen. “Allyanz Arena”

 

 

4 may

22:45. “Real” (Madrid, İspaniya) – “Mançester Siti” (İngiltərə)

İlk oyun – 0:0

Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan, Boyan Ul

Əlavə köməkçi hakimlər: Matey Yuq, Slavko Vinçiç (hamısı Sloveniya)

Madrid. “Santyaqo Bernabeu”

 

 

0