[b]Cavab oyunu öncəsi “İnter”də 5 itki[/b]
03.05.2016 - 15:10
[b]Cavab oyunu öncəsi “İnter”də 5 itki[/b]

Sabah Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Qarabağ”la qarşılaşacaq “İnter”in heyətlə bağlı problemləri bitmək bilmir. Klubdan apasport.az saytına verilən məlumata görə, 5 futbolçunun cavab qarşılaşmasını buraxacağı dəqiqdi.

 

Topaz Premyer Liqasının XXXII turu çərçivəsində “Sumqayıt”la görüşdə başından xəsarət alan Rauf Əliyev qarşıdakı 3 oyunu buraxacaq. Həkimlər artıq evə buraxılan yığma komandamızın hücumçusunun bir həftədən sonra yüngül məşqlərə başlayacağını bildiriblər. Onun “Qarabağ”la kubokun cavab görüşünü, həmçinin çempionatın qarşıdakı iki turunda “Rəvan” və “Xəzər Lənkəran”la qarşılaşmaları buraxacağı dəqiqdi.

 

“Sumqayıt”la oyunun 65-ci dəqiqəsində zədələnərək əvəzlənən Zurab Xizanişvilinin də vəziyyətinə aydınlıq gəlib. Tibbi müayinə zamanı gürcüstanlı futbolçunun əzələsində dartılma aşkarlanıb. Müdafiə xəttinin dirəyi də bir həftədən sonra məşqlərə başlaya biləcək. O, ən yaxşı halda qarşıdakı iki matçı buraxacaq.

 

Digər zədəlilərdən müdafiəçi İlkin Qırtımov və yarımmüdafiəçi Elnur Abdullayev hazırda fərdi məşqlərlə kifayətlənirlər. Kapitan Nizami Hacıyevin isə müayinəsi davam edir. Adıçəkilən oyunçuların hər üçü sabah komandaya kömək edə bilməyəcək. Ancaq İlkinlə Elnurun çempionat matçına qədər sıraya dönməsi istisna deyil.

 

Qeyd edək ki, sabah baş tutacaq “Qarabağ” – “İnter” oyunu saat 19:00-da başlayacaq. Bu komandalar arasında keçirilən ilk matçda “bankirlər” 0:4 hesabı ilə məğlub olublar.

0