[b]“Qəbələ” – “Neftçi”: Yenə Fariz Yusifov...[/b]
03.05.2016 - 17:11
[b]“Qəbələ” – “Neftçi”: Yenə Fariz Yusifov...[/b]

Azərbaycan kubokunun 1/2 final mərhələsinin sabah keçiriləcək “Qəbələ” – “Neftçi” matçının baş hakimi Fariz Yusifov mövsümdə 5-ci dəfə bu komandalarla görüşəcək. Apasport.az saytının məlumatına görə, sabiq FİFA referisi 2015/16 mövsümünün arxada qalan hissəsində rəqiblərin hərəsinin 4 matçında fit çalıb.

 

AFFA-nın Hakimlər Komitəsi Qəbələdəki cavab oyununa hər iki komanda üçün uğursuz olan hakimi göndərir. Belə ki, hər iki tərəf Yusifovun onlar üçün düşərli olmamağından gileylənə bilər. Çünki onun idarə etdiyi matçlar yarımfinaldakı rəqiblərin xeyrinə olmayıb.

 

Düzdü, “Qəbələ” II turda AZAL-la səfər matçında 2:0 hesabı ilə qalib gəlib. Lakin “Kəpəz”ə böyük hesabla (0:3), “Zirə”yə 2 dəfə (0:1, 1:2) uduzan Roman Qriqorçukun yetirmələri debütanta son dəfə öz meydanında yenilib. 4 görüşdə 3 xal qazanan “qırmızı-qaralar” son 3 görüşdə xala həsrətdi.

 

Yusifov qəbələliləri 4, rəqiblərini 10 sarı vərəqə ilə cəzalandırıb. O, AZAL-la qarşılaşmada “Qəbələ”nin lehinə penalti təyin edib.

 

“Neftçi” də bu hakimin idarə etdiyi 4 qarşılaşmada 3 xal əldə edib. Amma bakılılar xala həsrət qalıb. “Kəpəz” (0:0) və “Qarabağ”la (1:1) heç-heçələrdən sonra “ağ-qaralar” da “Qəbələ” kimi “Zirə”nin qarşısında aciz qalıb – 0:3, 0:0.

 

“Neftçi”yə də, rəqiblərinə də 1 qırmızı vərəqə verən Yusifov “Qarabağ”la qarşılaşmanın sonunda təyin etdiyi penalti ilə bakılıları qələbədən məhrum edib. O, həm paytaxt təmsilçisi, həm də rəqiblərini 13 sarı vərəqəyə “qonaq edib”.

 

Ümumilikdə isə sabiq FİFA hakimi cari mövsümdə 16 çempionat və 1 kubok oyununu idarə edib. 5 penalti təyin edən referi 3 dəfə meydan sahibi, 2 dəfə qonaqları cəzalandırıb. Lakin birincilər imkanlarından birini qaçırıb. Onun 4 qırmızı vərəqəsindən 1-i meydan sahibləri, 3-ü qonaqlara verilib. Yusifov birincilərə 43, sonunculara 51 vərəqə göstərib.

 

Təcrübəli ədalət təmsilçisinin baş hakim olduğu matçlarda 7 dəfə meydan sahibləri qalib gəlibsə, eyni sayda bərabərlik qeydə alınıb. 3 görüşdə isə səfərdə çıxış edənlər qələbə əldə edib.

 

 

 

0