[b]Moskva “Dinamo”su azərbaycanlı məşqçini "yandırdı" [/b]
24.05.2016 - 11:25
[b]Moskva “Dinamo”su azərbaycanlı məşqçini "yandırdı" [/b]

“Dinamo”nu son 10 turda diqqətlə izləyirdim. Təqvimə də baxanda çox çətin durumda olduqlarını görürdüm”. Bunu apasport.az saytına “Neftçi” klubunun baş məşqçisi, vaxtilə Moskva “Dinamo”sunun sabiq futbolçusu olmuş Vəli Qasımov deyib.

 

Rusiya Premyer Liqasında mövsümü 15-ci pillədə başa vuran “Dinamo” tarixində ilk dəfə yüksək liqanı tərk edib. 93 illik bir klubun bu vəziyyətə düşməsinə ən çox təəssüflənənlərdən biri də Qasımov olub. Çünki 1992-ci ildə bu klubun formasını geyinmiş 48 yaşlı mütəxəssis 16 qolla 1-12-ci yerlər uğrunda yarışın bombardiri olub.

 

Qasımov Moskva təmsilçisinin I diviziona yuvarlanmasına heyfsiləndiyini söyləyib: “Son turlardakı təqvimləri çox pis idi. Hər matçda xal itirməyə başladılar. Aşağı liqaya düşmələrindən çox qorxurdum. Axırıncı turdan sonra elitanı tərk etdiklərini eşidəndə içimdə yandım. Məncə, yeganə komanda idi ki, indiyə qədər aşağı liqaya düşməmişdi. Çox heyf. Bilmirəm hansı səbəbdən oldu. Amma komandada yerli cavanlar çox idi. Görünür, klubun içində problemlər olub ki, belə vəziyyətə düşdülər. Klub rəsmiləri ilə hələ də münasibətim var. Rəhbərlikdə də bəzi dəyişikliklər etdilər”.

 

Ölkəmizdə 17 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatının qalibi olan Portuqaliya yığmasının baş məşqçisi Elio Souza da Vəli Qasımova tanışdı. Belə ki, bu mütəxəssislər 1997-1999-cu illərdə “Setubal” klubunda birgə çıxış ediblər.

 

Qasımov sabiq komanda yoldaşı ilə çox görüşmək imkanı olmadığını deyib: “Final matçından əvvəl gedib onunla oteldə görüşdüm. Hər ikimiz çox sevindik. Xeyli söhbət etdik, keçmişi yada saldıq. Çoxdan idi onu görmürdüm. Həm bir yerdə oynamışıq, həm də dost idik. Elio Souza Portuqaliya yığmasında çıxış edib, gənc yaşlarında U-20 yığması ilə dünya çempionu da olub. Uzun illər “Setubal”ın kapitanlığını edib. Hazırda Portuqaliyanın U-17 komandasının baş məşqçisi olmaqla yanaşı, U-19 yığmasında da köməkçi məşqçidi. Düzü, təqvimimiz sıx olduğu üçün onunla istədiyimiz qədər görüşə bilmədik. Tez-tez yazışırdıq. Dedi ki, Bakı çox xoşuma gəldi. İçərişəhəri gəzib, şəhərimizi bəyənib. Bizim oyunçularımız barədə də danışdı. Ən çox xoşuma gələn bizim oyunçumuz Pilağa Mehdiyevi bəyənməsi oldu. Dedi ki, yaxşı oyunçularınız azdı. O ki qaldı Bakıdakı Avropa çempionatına, Portuqaliya yığmasının çox güclü olduğunu hər kəs görürdü. İspaniya da final matçını uğurlu keçirdi. Amma mən öncədən Portuqaliyanın çempion olacağını proqnozlaşdırmışdım”.

 

“Neftçi”nin çalışdırıcısı İspaniyanın U-17 yığmasının baş məşqçisi Santi Denia ilə də tanış olduqlarını bildirib: “Mən 1995-ci ildə “Albasete”yə keçəndə Denia komandanı tərk etdi. Ancaq o, Albasete şəhərindən olduğu üçün tez-tez gəlib, düşərgəyə baş çəkirdi. Ordan münasibətimiz yaranmışdı. Bakıya gələndə Denia ilə də söhbətimiz olmuşdu. Ancaq İspaniya yığması ilə Bakıya gələn bir məşqçi var idi ki, onu çox axtardım. Həmin mütəxəssis futbolçu vaxtımda mənim ikinci məşqçim olub. İndi uşaq komandasında rəhbərdi. Təəssüf ki, onu görə bilmədim”.

0