[b]AÇ-2016: Müdafiəsi ilə öyünən komanda[/b]
24.05.2016 - 14:00
[b]AÇ-2016: Müdafiəsi ilə öyünən komanda[/b]

Fransada keçiriləcək Avropa çempionatının startına 17 gün qalıb. Apasport.az saytı qitənin ən nüfuzlu turnirinin iştirakçılarının təqdimatını E qrupu ilə davam etdirir. Favoritlərdən olmasına baxmayaraq, püşkatmada 2-ci səbətdə yer alan İtaliya millisi Fransaya 48 illik həsrətə son qoymaq ümidi ilə yollanır.

 

Dünya çempionatlarında daha uğurlu çıxış edib, 4 dəfə planetin ən yaxşısı olan “Skuadra adzurra” qitə miqyaslı turnirdə yeganə zəfərini 1968-ci ildə qazanıb. Son turnirlərdə 2 dəfə finala çıxan appeninlilər 2000-ci ildə Fransa ilə matçda üstünlüyünü qoruya bilməyibsə, 2012-ci ildə İspaniya tərəfindən darmadağın edilib. Lakin həmin məğlubiyyətdən sonra baş məşqçisi və heyətinin bir qismi dəyişən İtaliya millisi nisbətən gəncləşib.

 

Seçmə mərhələdə Azərbaycan yığması ilə eyni qrupda yer alan Antonio Kontenin yetirmələri ciddi çətinlik çəkmədən Fransaya vəsiqə əldə edib. Bu da onların zəif qrupda çıxış etməsi ilə bağlıdı. Onlar yalnız 1-ci yer uğrunda Xorvatiya ilə mübarizə aparmalı idi ki, sonuncuların gözlənilməz xal itkiləri appeninlilərin xeyrinə işləyib. Nəticədə tsikli məğlubiyyətsiz başa vuran İtaliya millisi AÇ-2016-ya qrup qalibi kimi yüksəlib. Düzdü, onların qələbələrinin çoxu minimal fərqli olub. Amma “Skuadra adzurra”nın 1 qolla qalib gəlməsi daha çox ənənəyə bənzəyir.

 

Kontenin komandası daha çox 3 mərkəz müdafiəçisi ilə oynayan azsaylı yığmalardan biridi. Qapını artıq əfsanəyə çevrilən Canluici Buffona həvalə edən mütəxəssis mərkəzdə əsasən Corco Kyellini, Leonardo Bonuççi və Matteo Darmiana güvənir. Universallığı ilə seçilən sonuncu həm yarımmüdafiədə, həm cinahda da çıxış etməyi bacarır. Böyük oyunçu seçiminə malik olmayan Konte yaxşı tanıdığı futbolçularla uğur qazanmağa çalışacaq. Sol cinahda da universal oyunçusu olan çalışdırıcısı Mattia de Şilyoya etimad göstərəcək. Əslində, Kontenin bu mövqedə başqa seçimi də qalmayıb.

 

Yarımmüdafiədə 5 futbolçuya şans verən Konte müxtəlif variantları sınayır. O, həm Daniele de Rossi, həm gənclərə şans verə bilər. Onlar orta sahədə Andrea Pirlonun yoxluğunu hiss etdirməmək üçün mübarizə aparacaq. Son vaxtlar Antonio Kandreva da yarımmüdafiənin əsas fiqurlardan birinə çevrilir. Hücumameylli yarımmüdafiəçi kimi Alessandro Florentsinin oynaması gözləniləndi. Lorenso İnsinye və ya Jorjinyonun da bu mövqedə çıxış etməsi mümkündü.

 

Konte hücum xəttində Qratsiano Pelle və Çiro İmmobileyə daha çox güvənir. Lakin Eder, Simone Dzadza və ya Stefan El Şaaravinin də şans qazanması istisna deyil. İtaliya yığmasının indiki vəziyyətində onları Fransa-2016-nın favoritləri sırasından çıxarmaq da olardı. İdealdan uzaq olan hücum xətti və yaşlı futbolçuların çoxluğu buna əsas verir. Lakin müdafiə olunmaq qabiliyyəti ilə daim seçilən pireneylilər bu bacarığı hesabına çox uğurlar qazanıb.

 

İtaliya millisi seçmə mərhələdən sonra qələbə qazana bilmir. Ötən ilin sonunda Rumıniya (2:2), iki ay öncə İspaniya ilə (1:1) yoldaşlıq oyunlarında heç-heçəylə kifayətlənən Kontenin komandası üçüm Almaniya ilə matç uğursuz alınıb. Bundestim rəqibini 4:1 hesabı ilə darmadağın edib.

 

FİFA reytinqində: 15-ci yer

Ləqəbi: Skuadra adzurra

İlk oyun: Fransa - 6:2 (1910)

Ən böyükhesablı qələbə: ABŞ – 9:0 (1948)

Ən böyükhesablı məğlubiyyət: Macarıstan – 1:7 (1927)

Titulları: 1934, 1938, 1982 və 2006-cı illərdə dünya çempionu, 1968-ci ildə avropa çempionu, 1936-cı ildə Olimpiya Oyunlarının qalibi

Ən çox oyun: Canluici Buffon (156)

Ən çox qol: Luici Riva (35)

Final mərhələsinə yolu: H qrupunun qalibi: 7 qələbə, 3 heç-heçə, top fərqi 16-7, 24 xal

Xorvatiya – 1:1*, 1:1

Norveç - 2:1, 2:0

Bolqarıstan – 1:0, 2:2

Azərbaycan – 2:1, 3:1

Malta – 1:0, 1:0

* - əvvəl ev, sonra səfər oyunu

Əvvəlki Avropa çempionatlarında:

1960 – İştirak etməyib

1964 – Final mərhələsinə yüksələ bilməyib

1968 – Çempion

1972 – Final mərhələsinə yüksələ bilməyib

1976 – Final mərhələsinə yüksələ bilməyib

1980 – IV yer

1984 – Final mərhələsinə yüksələ bilməyib

1988 – III yer

1992 – Final mərhələsinə yüksələ bilməyib

1996 – Qrup mərhələsi

2000 – II yer

2004 – Qrup mərhələsi

2008 – 1/4 final

2012 – II yer

Baş məşqçi: Antonio Konte

Kapitan: Canluici Buffon

AVRO-2016-da oyunları:

13 iyun. 23:00. Belçika – İtaliya

17 iyun. 17:00. İtaliya – İsveç

22 iyun. 23:00. İtaliya – İrlandiya

 

 

 

0