[b]Dani Kintana 81 qol vursaydı…[/b]
27.05.2016 - 13:02
[b]Dani Kintana 81 qol vursaydı…[/b]

Avropa ölkələrində milli çempionatlar artıq başa çatıb. Apasport.az saytının məlumatına görə, çempionlar və avrokubokların bir çox iştirakçı klubları ilə yanaşı, fərdi mükafat qazanan futbolçular da bəllidi.

 

Avropada “Qızıl buts” mükafatının qalibi adına “Barselona”nın hücumçusu Luis Suares layiq görülüb. 2015-16 mövsümündə La Liqada 40 qola imza atan uruqvaylı forvard 80 xal toplayaraq, karyerasında ilk dəfə “Qızıl buts”a sahib çıxıb.

 

“Napoli”nin “qol maşını” Qonsalo İquain 36 qolla ikinci, bu mükafatın dördqat qalibi Kriştianu Ronaldo isə aktivindəki 35 qolla 3-cü yeri tutub.

 

Maraqlıdı ki, Suaresdən sonra ən çox qol vuran futbolçu Zlatan İbrahimoviç olsa da, isveçli heç ilk “5-liy”ə düşə bilməyib. Buna səbəb digər böyük futbol ölkələrindən fərqli, Fransada hər qola görə 2 yox, 1.5 xal verilir. 38 topla Liqa 1-in bombardiri olan İbra da 57 xalla 6-cılıqla kifayətlənməli olub.

 

“Barselona”nın lideri və bu mükafatın üçqat qalibi Lionel Messinin isə geridə qalan mövsümdə qol məhsuldarlığı aşağı olub. Argentinalı 26 topla yalnız 9-cu ola bilib.

 

Suares eyni zamanda “Qızıl buts” qazanan 3-cü “Barselona”lı olub. Ona qədər Lionel Messi 3, braziliyalı Ronaldo isə 1 dəfə Kataloniya təmsilçisinin heyətində bunu əldə edib. “Barselona” futbolçuları 5 dəfə titula layiq görülməklə, Buxarest “Dinamo”su və “Real”ın önünə keçərək, ilk sıraya yüksəlib.

 

Həmçinin Avropada mövsümün ən məhsuldar futbolçusu 4-cü dəfədi ki, uruqvaylıya qismət olub. Bu baxımdan Portuqaliya liderdi. 3 portuqaliyalı (Eysebio – 2, Fernando Qomes - 2, Kriştianu Ronaldo - 4) ümumilikdə 8 dəfə “Qızıl buts”un qalibi olub.

 

Ümumiyyətlə, ardıcıl 3-cü dəfədi ki, “Qızıl buts” İspaniya çempionatının bombardirinə qismət olur. Son 9 mövsümün 8-də bu mükafat La Liqada çıxış edən futbolçuya verilib. Ümumilikdə isə La Liqa 12 bombardirlə zirvədədi. İkinci sırada qərarlaşan Portuqaliya çempionatının 7 dəfə ən məhsuldarı “Qızıl buts”a layiq görülüb.

 

Qardaş Türkiyədə isə Superliqanın bombardiri olan Mario Qomes vurduğu 26 qolla aktivinə 39 xal yazdıra bilib.

 

Azərbaycan çempionatının bombardiri olan Dani Kintana mövsümü 15 qolla tamamlayıb. Topaz Premyer Liqasında vurulan hər qola 1 xal düşdüyündən, ispaniyalı yarımmüdafiəçi 15 xal toplaya bilib. Yəni “Qarabağ”ın futbolçusu “Qızıl buts”a layiq görülmək üçün 81 qol vurmalı idi. Ancaq bunun üçün hazırkı məhsuldarlıqla Kintana 36 yox, təxminən 195 turluq çempionatda iştirak etməlidi.

 

 

Avropada mövsümün ən məhsuldar 15 futbolçusu:

1. Luis Suares (“Barselona”): 40 qol - 80 xal

2. Qonsalo İquain (“Napoli”): 36 qol - 72 xal

3. Kriştianu Ronaldo (“Real”): 35 qol - 70 xal

4. Jonas (“Benfika”): 32 qol: 64 xal

5. Robert Levandovski (“Bavariya”): 30 qol – 60 xal

6. Zlatan İbrahimoviç (PSJ): 38 qol – 57 xal

7. İslam Slimani (“Benfika”): 27 qol – 54 xal

8. Eran Zahavi (“Makkabi”, Təl-Əviv): 35 qol – 52,5 xal

9. Lionel Messi (“Barselona”): 26 qol – 52 xal

10. Harri Keyn (“Tottenhem”): 25 qol – 50 xal

11. Pyer-Emerik Obameyanq (“Borussiya”, Dortmund): 25 qol – 50 xal

12. Ceymi Vardi (“Lester”): 24 qol – 48 xal

13. Neymar (“Barselona”): 24 qol - 48 xal

14. Serxio Aquero (“Mançester Siti”): 24 qol – 48 xal

15. Kərim Benzema (“Real”): 24 qol - 48 xal

 

0