[b]Muarem Muarem: Bu, elə düşünməyə əsas vermir - MÜSAHİBƏ[/b]
27.05.2016 - 16:47
[b]Muarem Muarem: Bu, elə düşünməyə əsas vermir - MÜSAHİBƏ[/b]

“Qarabağ”ın yarımmüdafiəçisi Muarem Muaremin apasport.az saytına müsahibəsi

 

- Mövsümün başa çatması üçün son oyunda, kubokun final görüşündə 120 dəqiqə meydanda oldunuz. Bu cür finala hazır idiniz?

- Final oyununun havası fərqli olur. Üstəlik, rəqib “Neftçi”disə, oyuna motivasiyan bir qədər də artır. Yaxşı hazırlaşmışdıq. Təbii ki, əsas yox, əlavə vaxtda yorğunluq hiss olunurdu. Bütün bu işlər bir məqsədə çatmaq üçündü. Biz də qol vurduq və sonda qənimətimizə sahib çıxdıq. “Neftçi” qapanmışdı, boşluqlar verməməyə çalışırdı. Amma biz bütün hissələrdə təhlükəli epizodlar yaratdıq. Qolun gec vurulması Allahın işidi.

 

- Əsas heyətdə yer almamağınız nə ilə bağlı idi? Sona yaxın meydana daxil olmağınız penaltilər seriyasına hesablanmışdı?

- Mən hazır idim. Seçim baş məşqçinindi. Bizim işimiz isə onun qərarlarına hörmət etməkdi.

 

- Mövsümü “qızıl dubl”la başa vurdunuz. Kubokların hansı daha ağırdı?

- Təbii ki, biz iştirak etdiyimiz turnirlərin hamısında qalib olmaq istəyirik. Çempionatla kubok oyunları fərqli olur. Kubok matçlarında səhv etmək olmaz. Səhv etdinsə, rəqibin səni yarışdan kənarlaşdıracaq. Hər ikisində əziyyət çəkdik, sonda isə zəhmətimizin qarşılığını aldıq.

 

- “Qarabağ” ardıcıl iki mövsüm Avropa Liqasının qrup mərhələsində oynayıb. Çempionlar Liqasının himnini Bakıda səsləndirməyin zamanı çatmayıb?

- Vaxtıdı. Biz də bunun üçün çalışırıq. İki mövsüm Avropa Liqasında qrup mərhələsinə yüksəldik. Ancaq ildən-ilə nəticələri yaxşılaşdırmaq lazımdı. Bu baxımdan, növbə Çempionlar Liqasının qrup mərhələsinə çatıb. Bunu bacarmasaq, uğursuzluq sayılmamalıdı. Avropa Liqasının qrupuna yüksəlməyimiz də pis nəticə olmayacaq.

 

- Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməyə son anda nə mane olur?

- Son anda sanki şanssızlıq yaşayırdıq. Bu, zəif oynamaq anlamına gəlmir ki. Bu dəfə həmin şanssızlığı da aradan qaldırmalıyıq.

 

- Başa çatan mövsümdə sevindiyiniz və üzüldüyünüz hadisələr hansılar oldu?

- Qarabağda baş verənlərə görə çox üzüldüm. Bunun təkrarlanmamasını istərdim. Digər tərəfdən həssas bölgənin adını daşıyan bir klub olaraq, 2 kubok qazanmağımız sevindiricidi. Biz də bu kubokları onlara hədiyyə edirik.

 

- Amma titul qazandıqdan sonra onlarla görüşə getmirsiz. Bəlkə legionerlər döyüş bölgəsinə getməkdən çəkinir?

- Onlar bizdən uzaqdadılar. Ancaq Ağdama gedəcəyik. Biz qazandıqlarımızı azarkeşlərimizlə bölüşürük. Bu uğurlarda onların da payı var. İlk çempionluq zamanı kuboku Ağdama aparmışdıq. Yenə edəcəyik.

 

- Çempionatın səviyyəsi haqda nə düşünürsüz?

- Əvvəlki illərə nisbətən bir qədər zəiflədiyini deyə bilərəm. Ancaq bu, oyunların asan keçdiyini düşünməyə əsas vermir. Hər oyuna ciddi hazırlaşırıq. Bəlkə də kənardan asan görünür. Amma heç kim belə düşünməsin. Qazandığımız hər qələbənin mayasında ağır zəhmət, alın təri dayanır.

 

0