[b]Heç-heçəni unutdurmaq üçün qalib gələ bilmədiyimiz rəqiblə üz-üzə[/b]
28.05.2016 - 12:00
[b]Heç-heçəni unutdurmaq üçün qalib gələ bilmədiyimiz rəqiblə üz-üzə[/b]

Sabah Azərbaycan millisi növbəti matçını keçirəcək. Apasport.az saytının məlumatına görə, Avstriyada təlim-məşq toplanışında olan yığmamız hazırlıq çərçivəsində 2-ci sınağına çıxacaq.

 

Robert Prosineçkinin yetirmələri Makedoniya millisi ilə üz-üzə gələcək. Xorvatiyalı mütəxəssis doğulub, boya-başa çatdığı, yığmasının şərəfini qoruduğu sabiq Yuqoslaviya üzrə həmyerliləri ilə görüşəcək. Andorra ilə iki gün əvvəlki görüşdə qolsuz heç-heçə ilə kifayətlənən komandamız balkanlıları məğlub etməyə çalışacaq.

 

Çünki “cırtdan” ölkə təmsilçisi ilə matçdakı uğursuz nəticəni unutdurmaq, bunun FİFA reytinqindəki mövqeyimizə mənfi təsirinin qarşısını almaq vacibdi. 2016-cı ildə keçirdiyi iki görüşdə qol həsrəti yaşayan komandamız buna Makedoniya ilə dueldə son qoymalıdı.

 

Bunu gözləmək üçün kifayət qədər əsas da var. İlk növbədə Azərbaycan kubokunun finalında iştirak etdikdən sonra yığmaya qoşulan “Qarabağ” və “Neftçi”nin üzvləri artıq komandaya kömək edə biləcək. Bu isə o deməkdi ki, andorralılarla görüşdəki kimi eksperimental heyətlə mübarizə aparmayacağıq. Yoxsa ki, “cırtdanlar” önünə debütantlarla zəngin, qeyri-adi “11-lik” çıxmışdı. İndi daha 9 oyunçusu yığmamıza kömək edə biləcək ki, onların da yarıdan çoxunun start heyətində yer alması mümkündü.

 

Bundan başqa, makedoniyalılar tarixinin ən ağır günlərini yaşamaqdadı. Əvvəllər Avropanın aparıcı çempionatlarında da təmsil olunan yığma hazırda FİFA reytinqində 141-ci yerdə qərarlaşıb. Millimizin 8 pillə qabaqladığı rəqibinin son görüşləri də balkanlılara nikbin gələcək vəd etmir.

 

Son 3 oyunda qol vurmadan uduzan İqor Angelovskinin yetirmələri Livan və Sloveniyadan 1, Bolqarıstandan 2 cavabsız qol buraxıb. Axırıncı 13 qarşılaşmada yalnız 1 dəfə qalib gələn rəqibimizin ulduz hücumçuları İtaliyada çıxış etsə də, nə Qoran Pandev, nə də Aleksandar Traykovski əvvəlki oyununu nümayiş etdirir.

 

Bütün bunlar indiyədək məğlub edə bilmədiyimiz Makedoniya ilə matçlardakı uğursuzluqlara son qoymaq üçün yetərli ola bilər. Bu rəqiblər 5 matçdan yalnız birində uduzmayan yığmamız 15 il öncə DÇ-2002-nin “Şəfa”dakı görüşündə heç-heçəyə sevinmişdi – 1:1. Bunadək 2 dəfə balkanlılara uduzan millimiz 2010 və 2011-ci illərdə də makedoniyalılarla sınağa çıxıb. 6 il əvvəl indiki kimi Avstriyada baş tutan matç Bişofshofendə keçirilmişdi. Həmin vaxt balkanlılar 3:1 hesablı qələbə qazanmışdı. Maraqlıdı ki, həmin oyun da mayın 29-na təsadüf etmişdi. Bir il sonra isə Bakıya gələn makedoniyalılar 1:0 hesabı ilə qalib gəlib.

 

Qeyd edək ki, bu dəfəki matç yığmamızın məskunlaşdığı Bad Erlax şəhərindən 70 km məsafədə yerləşən Şvadorfda baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

 

Yoldaşlıq oyunu

29 may

19:00. Azərbaycan – Makedoniya

Hakimlər: Markus Hameter, Rolan Braunşmidt, Maksimilian Kolbitş, Manuel Şüttenqruber (hamısı Avstriya)

Şvadorf. “Rixard-Gebert-Sportanlage” stadionu

0