[b]AÇ-2016: “İtaliya 10 nəfərlə müdafiə olundu” – Mark Vilmots[/b]
14.06.2016 - 10:53
[b]AÇ-2016: “İtaliya 10 nəfərlə müdafiə olundu” – Mark Vilmots[/b]

“Fərdi səhvlər ucbatından birinci qolu qapımızda gördük. Ancaq ondan sonra da İtaliya yığması əlverişli imkanlar əldə etdi”. Apasport.az saytının məlumatına görə, bunu Belçika yığmasının baş məşqçisi Mark Vilmots deyib.

 

Avropa çempionatının qrup mərhələsində ilk oyununu İtaliyaya qarşı keçirən Belçika millisi meydandan 0:2 hesablı məğlubiyyətlə ayrılıb.

 

Vilmots hələ də növbəti mərhələ ümidlərini itirmədiklərini söyləyib: “İkinci hissədə hücumda daha çox oynamağa çalışdıq. Bu üzdən Nainqqolanın yerinə Mertensi meydana buraxdım. Bu əvəzləmədən sonra məqsədimiz sol cinahdan daha çox hücumlar qurmaq idi. Hücumçumuz Lukaku yaxşı oyun keçirmədi. Amma indi bunun müzakirəsini uzun-uzadı aparmaq zamanı deyil. 1/8 finala adlamaq üçün birləşməliyik. Hələ heç nə itirilməyib”.

 

47 yaşlı mütəxəssis komandanın aparıcı oyunçularından olan Kevin de Bruynedən tam razı qalmadığını da əlavə edib: “De Bruyne daha yaxşı çıxış edə biləcəyini göstərdi. Ola bilsin ki, ağır mövsümdən sonra yorğun idi. Kevin İtaliya ilə matça yaxşı hazırlaşmışdı. O, son dörd ildə yığmamıza çox xeyir verib. De Bruynenin cərimə zərbələri və driblinqləri hər zaman köməyimizə çatıb”.

 

Vilmots məğlubiyyətə əsas səbəblərdən biri kimi rəqibin müdafiəyə çəkilməsini göstərib: “İlk qolda Bonuççinin 40 metrlik məsafədən uzun ötürməsi zamanı müdafiə xəttində əlaqə kəsildi. Bu səviyyədə turnirdə belə səhv etmək olmaz. İnanmıram ki, ikinci hissə barədə mənim düşündüyüm kimi fikirləşirsiniz. Amma italyanlar 10 nəfərlə müdafiə olunurdular. Belə müdafiəni yarmaq çox çətindi”.

 

İtaliya millisinin baş məşqçisi Antonio Konte də qarşılaşma ilə bağlı fikirlərini bildirib. O, komandasının qitə birinciliyində daha da irəliləyəcəyinə inandığını deyib: “Əla qarşılaşma oldu. Matça çox yaxşı hazırlaşmışdıq və öz oyunumuzu gösrtərdik. Uşaqlar təzyiq altında necə oynamaq lazım olduğunu yaxşı bilirlər. Rəqibimiz çox güclü komanda idi. Belçika Avropa çempionatının əsas favoritlərindən biridi. Ancaq biz də zəif deyilik və birlikdə böyük işlər görə bilərik. Hələ yolun başlanğıcındayıq, heç nə qazanmamışıq. Amma bu turnirdə layiq olduğumuz yerə qədər irəliləyəcəyimizə inanıram”.

0