[b]“Bu bizə heç nə qazandırmaz” - Visente del Boske[/b]
18.06.2016 - 11:53
[b]“Bu bizə heç nə qazandırmaz” - Visente del Boske[/b]

“Rəqib komandanın bizə qarşı müdafiə olunması hər zaman işimizə yarayır. Çünki oyunu meydanın rəqibə aid hissəsində keçirməyi sevən komandayıq”. Apasport.az saytının məlumatına görə, bunu İspaniya yığmasının baş məşqçisi Visente del Boske deyib.

 

Avropa çempionatının D qrupunun II turu çərçivəsində Türkiyə üzərində böyükhesablı (3:0) qələbə qazanan ispanlar son tur öncəsi 1/8 final mərhələsinə vəsiqəni təmin ediblər.

 

Qarşılaşmadan sonra mətbuat konfransında fikirlərini bildirən del Boske ciddi müqavimətlə üzləşmədiklərini söyləyib: “İlk tapşırığın öhdəsindən gəldik. Vaxtından əvvəl növbəti mərhələyə adladıq. Çox yaxşı oyun nümayiş etdirdik. 90 dəqiqə ərzində qarşılaşma bizim diktəmiz altında keçdi. Son vaxtlar qol yollarında problem yaşayırdıq. Ancaq indi bir matçda 3 top vurduq. İndi bütün diqqətimizi Xorvatiya ilə görüşə yönəltməliyik”.

 

“2008 və 2012-ci illərdə Avropa çempionatını qazanan heyətlə indiki komandanı müqayisə etmək çox çətindi. Bu cür müqayisələr bizə heç nə qazandırmaz. İspaniya yığması 2008-ci ildən bəri ən önəmli oyunçularından bir neçəsini itirdi. Onların çoxu karyerasını bitirdi. Keçmişlə bu qədər yaşamaq olmaz. Qrupdan çıxsaq da, hələ heç nə qazanmamışıq. Önümüzdə uzun bir yol var”.

 

Qeyd edək ki, İspaniya millisi 2012-ci ildə məhz Visente del Boskenin rəhbərliyi altında qitə birinciliyinin qalibi olub.

 

0