[b]“Rioda qızıl medal qazansam, əlimdə Azərbaycan və Türkiyə bayraqları olacaq”[/b] - EKSKLÜZİV
24.06.2016 - 17:23
[b]“Rioda qızıl medal qazansam, əlimdə Azərbaycan və Türkiyə bayraqları olacaq”[/b] - EKSKLÜZİV

Millimizdən imtina edərək, Türkiyə yığmasını seçən azərbaycanlı atlet Ramil Quliyevin apasport.az saytına eksklüziv müsahibəsi

 

- İşləriniz necə gedir? Türkiyədə sizə münasibət necədi?

- Əla, burada hər şey məni qane edir. Həm “Fənərbaxça”, həm də milli komandada mənə çox yaxşı münasibət göstərirlər və hansısa problem yoxdu. Hazırlıq keçmək üçün bütün şəraiti yaradıblar. Türkiyədə atletikaya çox diqqət ayrılır. Təlim-məşq toplanışlarında oluruq, daim idman forması ilə də təmin olunuruq.

 

- Belə çıxır ki, Türkiyə və Azərbaycan atletikası arasında böyük fərqlər var. Bizdə inkişaf üçün nə çatmır?

- Gərək nəsə olsun ki, müqayisə aparasan. Əgər heç nə yoxdusa, deməli, müqayisə aparmağa dəyməz. Nəsə demək, Azərbaycan atletikasında nələrin çatışmadığını bildirmək üçün ilk növbədə ölkədə atletika olmalıdı.  

 

- Deməli, hələlik Azərbaycana qayıtmaq barədə fikirləşmirsiniz?

- Nəyə qayıdım ki? Həm də, təklif olmayıb axı.

 

- Təklif gəlsə, şərtləriniz nə olar?

- Təklif olarsa, əlbəttə qayıdaram. Azərbaycan Vətənimdi. Ancaq şərtlər Türkiyədəkindən pis olmamalıdı. Məni burada artıq federasiyada işlə də təmin ediblər. Karyeramı başa vurandan sonra məşqçiliyə başlayacam.

 

- Azərbaycanı tərk edəndə bəzi suallara aydınlıq gətirmədiniz. Bəlkə gedişinizin əsas səbəblərini indi açıqlayasız?

- Azərbaycandan ayrılanda da çox şey dedim. Amma indi nə üçün getdiyimi demək istəmirəm. Hazırda hər şey ürəyimcədi və keçmişi yada salmağa ehtiyac yoxdu.

 

- Türkiyə vətəndaşlığını qəbul etdikdən sonra Azərbaycana gəlmisinizmi?

- Əlbəttə, mən il ərzində bir neçə dəfə Bakıya gəlirəm. Əgər öz evimdə heç kimə lazım deyiləmsə, mənə qiymət verilən yerə getməliydim. Mən də bunu etdim.

 

- Artıq Rio-2016-ya lisenziya qazanmısız. Olimpiadada hədəf nə olacaq və Braziliyada fəxri kürsüyə qalxsanız Türkiyə ilə yanaşı, Azərbaycan bayrağını da özünüzlə götürməyiniz mümkündümü?

- Türkiyədə Olimpiadaya 1-ci lisenziyanı ötən ilin mayında mən qazanmışam. Məqsədim özümü ən yaxşı tərəfdən göstərməkdi. Bayraq məsələsinə gəlincə, qızıl qazansam, əlimdə Azərbaycan və Türkiyə bayraqları olacaq. Təki, çempion olum, mükafatçılar arasına düşüm.

 

- Azərbaycan yığmasında legionerlərin çoxluq təşkil etməsinə necə izah verərdiniz? Həqiqətən də, ölkəmizdə güclü idmançı yoxdu?

- Niyə yoxdu? Mən, Ruslan Abbasov, Nazim Babayev var. Azərbaycanda güclü idmançılar çoxdu. Sadəcə, Bakıda yetişən atletlərdi. Regionlardan, başqa şəhərlərdən idmançı gəlmir. Məşqçilər, stadionlar yoxdu. Harada hazırlıq keçsinlər?

 

- Əgər belədirsə, legionerlərin gəlməsinə səbəb nədi?

- Pul varsa, niyə gəlməsin?  

 

- Millimizdən incik ayrıldığınız hamıya məlumdu. Komandamızda yerli ilə əcnəbi arasında fərq qoyulurdumu?

- Belə deyim. Təsəvvür edin ki, avtobusla gedirik, amma sürücü başqa yerə sürsə, heç nə dəyişməyəcək. Mən isə öz yolumu seçdim. Digər idmançılar həyatımın necə davam etdiyini görürlər. Hazırda Rumıniyada, Pitesti şəhərindəyəm. Sabah Balkan çempionatında 100 m və 200 m məsafələrə qaçışda yarışacam.

 

- Türkiyəyə uyğunlaşmaq çətin olmadı?

- Yox. Türkiyə və Azərbaycan qardaş ölkədi.

 

- Maraqlıdı, orada Azərbaycan idmanı, atletikası barədə nə fikirdədilər?

- Azərbaycanda atletika, atlet olmadığını deyirlər. Hazırda Nazim Babayev kimi atleti var. O da yarışlar üçün buraya gəlir. Lakin onun yaxşı idmançı olduğunu da vurğulayırlar.

 

- Türkiyə yığmasındakı rəqabətlə bağlı nə deyə bilərsiz? Ola bilərmi ki, hansısa atlet liderliyi sizdən alsın?

- 100 m məsafəyə qaçışda yamaykalı var. Hazırda 200 m məsafədə isə rəqibim yoxdu. Olsa, Avropa çempionatında yarışarıq (gülür).

 

- Avropada da ciddi rəqibinin olmadığını bilirik. Bir qədər öncə Türkiyə mətbuatına “Amerikalı, keniyalı, yamaykalı, kim olursa, olsun, onu keçməyincə səni tanımaz. Sən onu arxada qoyana qədər salam da verməz. Mən yaxın zamanda Boltdan o salamı alacam” demişdiz. Boltdan salam alacağınız vaxta çox qalıb?

- Bunu Rioda keçiriləcək Olimpiadada fəxri kürsüdə Boltdan soruşacam (gülür).

 

 

0