[b]“Bizi ancaq qələbə qane edir” – "Daçiya"nın baş məşqçisi[/b]
27.06.2016 - 19:19
[b]“Bizi ancaq qələbə qane edir” – "Daçiya"nın baş məşqçisi[/b]

"Bakı kimi gözəl şəhərdə olmaqdan şadam. Gözəl insanların əhatəsindəyik". Apasport.az saytının məlumatına görə, bu sözləri "Daçiya"nın baş məşqçisi Oleq Bejenar deyib.

 

Moldova təmsilçisi Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində sabah "Kəpəz"in qonağı olacaq.

 

Bejenar bu gün keçirilən mətbuat konfransında iddialı danışıb: "Bizi çətin oyun gözləyir. Nə baş verəcəyini sabah özünüz görəcəksiniz".

 

- "Kəpəz" barədə hansı məlumata maliksiz?

- Düzdü, 1-2 oyunlarına baxmışıq. Amma az məlumatımız var. Müəyyən informasiyaya malikəm. Fiziki cəhətdən çox güclüdülər. Amma çalışacağıq sabah meydandan qalibiyyətlə ayrılaq.

 

- "Kəpəz"in hansı oyunlarını izləmisiz?

- Çempionat oyunlarını. Toplanışda olduğumuz üçün son görüşlərini tam izləyə bilməmişəm. Amma nümayəndəmiz son matçlarını izləyib. 6:0 hesabı ilə qələbə qazanıblar. Düzdü, həvəskar səviyyədə komandaya qalib gəliblər. Amma onların yaxşı futbolçuları olduğunu deyə bilərəm.

 

- Sabah sizi hansı nəticə qane edir?

- Biz hər oyuna qələbə üçün çıxırıq. İstəyir "Spartak" olsun, istəyir bir başqası. Ambisiyalı prezidentimiz var. O həmişə iddialı olmaq istəyir. Bizi ancaq qələbə qane edir.

 

- Görünüşünüzə görə, qafqazlılara oxşayırsınız...

- Təmiz moldovan deyiləm. Ukrayna və bolqar qarışığım var. Amma təəssüf ki, qafqazlılara əlaqəm yoxdu.

 

- Azərbaycanda gördüklərinizdən təəccübləndiniz?

- Gördüklərimdən təəccüblənmədim. Azərbaycan sürətlə inkişaf edir. Belə də olmalı idi.

 

- Oyunun taleyini burda həll etməyə çalışacaqsız?

- Sabahkı nəticədən asılı olmayaraq, cütün taleyinə cavab görüşündə aydınlıq gələcək. Rəqibdən çəkinmirəm. Rəqib bizdən çəkinsin.

 

- Heyəti müəyyənləşdirmisiz?

- Heyət bəllidi, amma açıqlaya bilmərəm.

0