[b]AÇ-2016: Pulla səadət olmur[/b]
28.06.2016 - 17:31
[b]AÇ-2016: Pulla səadət olmur[/b]

Fransada keçirilən Avropa çempionatında cəmi 8 komanda yarışı davam etdirir. Apasport.az saytının məlumatına görə, İngiltərə və İspaniya kimi nəhənglərin mübarizəni dayandırmasının fonunda Uels və İslandiya yığmaları tarixlərində ilk dəfə qatıldıqları mötəbər yarışda 1/4 finala qədər irəliləməyi bacarıblar.

 

Turnir öncəsi ən çox müzakirə olunan mövzulardan biri də baş məşqçilərin aldıqları maaşlar idi. Xüsusən də, Türkiyə millisinin çalışdırıcısı Fatih Terimin ən çox maaş alan 3-cü məşqçi olması müqabilində komandanın qrupda qalması böyük narazılığa yol açmışdı.

 

Analoji etirazlar dünən 1/8 final mərhələsində məğlub olan yığmalara da olub. Xüsusən də, 4,2 milyon avroluq maaşla siyahının başında gələn İngiltərə millisinin baş məşqçisi Roy Hodson ada mətbuatının tənqid hədəfinə çevrilib. Onun İslandiya ilə (1:2) qarşılaşmadan dərhal sonra istefa verməsi də ağır tənqidlərdən canını qurtarmayıb.

 

Maraqlıdı ki, turnirə qatılan 24 yığma arasında məşqçisinə ən çox maaş verən 8 komandanın cəmi 3-ü 1/4 finala vəsiqə qazana bilib. Bunlar İtaliya, Almaniya və Fransadı. Digər 5 komandadan isə ən çox məvacib əldə edən mütəxəssis 1,1 milyon avro ilə portuqaliyalı Fernando Santosdu.

 

AÇ-2016-nın ən çox maaş alan 8 məşqçisi:

1. Roy Hodson (İngiltərə) - 4,2 milyon avro
2. Antonio Konte (İtaliya) - 3,8 milyon
3. Fatih Terim (Türkiyə) - 3,2 milyon
4. Yoahim Löv (Almaniya) - 2,6 milyon
5. Visente del Boske (İspaniya) – 2,4 milyon
6. Didye Deşam (Fransa) - 1,5 milyon
7. Marsel Koller (Avstriya) - 1,3 milyon
8. Martin Oneyll (İrlandiya) – 1,2 milyon
 

Maaşlarda ilk “8-liy”ə düşə bilməyib, komandası mübarizəni davam etdirən 5 məşqçi:
9. Fernando Santos (Portuqaliya) – 1,1 milyon
12. Mark Vilmots (Belçika) - 622 min
13. Lars Laqerbek (İslandiya) - 418 min
15. Kris Koleman (Uels) - 241 min
16. Adam Navalka (Polşa) - 241 min

0