[b]Hakimlərimiz 5 “sarı” göstərdi, meydan sahibləri qələbə qazandı[/b]
01.07.2016 - 12:35
[b]Hakimlərimiz 5 “sarı” göstərdi, meydan sahibləri qələbə qazandı[/b]

Klublarımız kimi, FİFA dərəcəli hakimlərimiz də Avrokubok mövsümünə start veriblər. Apasport.az saytının məlumatına görə, Əliyar Ağayev və Orxan Məmmədov dünən Avropa Liqasının I təsnifat mərhələsində oyun idarə ediblər.

 

Əliyar Ağayev Sofiya şəhərində “Slaviya” (Bolqarıstan) – “Zaqlebiya” (Polşa) matçında ədalət təmsilçisi olub. Görüş ərzində əlini cəmi 2 dəfə cibinə atan gənc referi hər komandanın bir üzvünə sarı vərəqə göstərib. Oyun isə son dəqiqələrdə vurulan qolla meydan sahiblərinin minimal hesablı (1:0) qələbəsi ilə nəticələnib.

 

Digər FİFA hakimimiz Orxan Məmmədov “Domjale” (Sloveniya) – “Lusitans” (Andorra) matçında fit çalıb. Məmmədov ev sahiblərinə 1, qonaqlara isə 2 sarı vərəqə verməklə kifayətlənib. “Lusitans” erkən qolla hesabı açsa da, “Domjale” ilk hissədəcə bunun cavabını artıqlaması ilə verib və 3:1 hesablı qələbə əldə edib. “Domjale”nin formasını geyinən həmyerlimiz Samir Məsimov bu matçın iştirak ərizəsinə salınmayıb.

0