[b]Karel Yarolim: Ermənistan və Azərbaycan yığmasının oyunları oxşardı[/b]
22.07.2016 - 15:26
[b]Karel Yarolim: Ermənistan və Azərbaycan yığmasının oyunları oxşardı[/b]

“Avqustda Ermənistanla keçirəcəyimiz oyunu səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, həmin görüşdə yaxşı nəticəyə imza atacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çexiya yığmasının yeni baş məşqçisi Karel Yarolim deyib.

 

“Mlada Boleslav” klubunu da çalışdıran Yarolim Çexiya millisinin “sükanı arxası”nda Pavel Vrbanı əvəzləyib. O, bu postda ilk oyununu gələn ay Ermənistana qarşı keçirəcək.

 

Bu görüşlə bağlı ölkəsinin mətbuatına açıqlama verən Yarolim söhbət əsnasında Azərbaycan millisinin də adını çəkib. DÇ-2018-in seçmə mərhələsində yığmamızla rəqib olan çexlərin baş məşqçisi bunları deyib: “Ermənistanla matçda azarkeşlərin stadiona gəlib, bizi dəstəkləyəcəklərinə inanıram. Rəqib son seçmə mərhələdə hazırkı Avropa çempionu Portuqaliyaya qarşı yaxşı oyunlar keçirdi. Bu faktdı ki, onların oyunu dünya çempionatının seçmə mərhələsində rəqibimiz olan Azərbaycanın oyununa oxşayır. Yeri gəlmişkən, biz Azərbaycan yığması ilə ilk görüşü oktyabrda keçirəcəyik”.  

 

Qeyd edək ki, Karel Yarolim Çexiya yığmasının baş məşqçisi postuna yeni keçdiyi halda, “Mlada Boleslav”ı 2014-cü ildən çalışdırır.

 

 

 

 

0