[b]"Artıq karyeramı bitirməyin vaxtıdı" – Albert Səlimov[/b]
13.08.2016 - 19:42
[b]"Artıq karyeramı bitirməyin vaxtıdı" – Albert Səlimov[/b]

Rio-2016 Yay Olimpiya Oyunlarında Azərbaycanı 60 kq çəki dərəcəsində təmsil edən Albert Səlimov 1/4 final mərhələsində fransalı Sofian Oumihaya məğlub olaraq çıxışını başa vurdu. Apasport.az saytının məlumatına görə, boksçumuz karyerasını başa vuracağını bildirib.

 

- Siz bizim ən çox ümid etdiyimiz boksçulardan biri idiniz. Ancaq bu, idmandı, gözlənilməz nəticələr olur. Dünənki çıxışın haqqında özün nə düşünürsən?

- Döyüşüm alınmadı. Baxmayaraq ki, mən özümü finalda görürdüm, çempion olmaq haqqında düşünürdüm, ancaq olmadı. Öz günahımdı təbii ki. Yaxşı “işləmədim”. İlk döyüşdə güclü irland idmançını uddum, fransızla isə alınmadı. Uğursuz çıxışıma görə Azərbaycan xalqından, ölkə prezidentindən, Gənclər və İdman nazirindən, Boks Federasiyasının prezidentindən, mənə görə həyəcan keçirən, narahat olan hər kəsdən üzr istəyirəm. Hər kəsə təşəkkür edirəm və düşünürəm ki, artıq karyeramı bitirməyin vaxtıdır. Dünənki döyüşdən sonra düşündüm ki, getmək lazımdır.

 

- Bəlkə bu emosiyalarla verilmiş qərardı?

- Xeyr, qətiyyən. Mənim artıq 30 yaşım var. 4 il əvvəl məni dəvət etmişdilər ki, ölkəyə xeyir verim. Bacardığımı etdim. Yaxşı nəticələrim də oldu.

 

- Dünənki görüşdən sonra çox tənqidlər oldu sənə?

- Məşqçimiz dedi ki, internetdə çox yazılır bu barədə.

 

- Bəs sən özün istifadə etmirsən internetdən?

- Xeyr daxil olmuram, əlavə suallarla özümü yükləmək istəmirəm. Onsuz da çox gərgin vəziyyətdəyəm. Qoy bir az vaxt keçsin, sonra danışarıq. Ancaq bu dəqiqə boks haqqında danışmaq istəmirəm. Boks artıq mənim üçün bitib, başa çatıb.

 

- Bəs nə planınız var? Karyeranızı bitirib nə iş görəcəksiniz?

- Başım var, əlim var, ayağım var. Lap gedib bostanda da işləyərəm. Kişiyik də, mütləq bir iş taparıq.

 

Səmayə MƏMMƏDOVA

AGİN, Riodan

0