[b]Rio-2016: “Bir az hiyləgərlik çatışmadı” – Yana Alekseyevna[/b]
15.08.2016 - 19:26
[b]Rio-2016: “Bir az hiyləgərlik çatışmadı” – Yana Alekseyevna[/b]

Boks üzrə Azərbaycan yığmasının üzvü Yana Alekseyevna (60 kq) Rio-2016 Yay Olimpiya Oyunlarında ilk görüşdə məğlub olması barəsində danışıb. Apasport.az saytının məlumatına görə, o, müsahibəsində Olimpiadaya yaxşı hazırlaşdığını, ancaq məğlubiyyətinə səbəb kimi hiyləgərliyinin çatmadığını bildirib.

 

- Qalib gələndə hər kəs danışmaq istəyir, məğlub olanda isə susmağa üstünlük verirlər. Bəlkə sən deyəsən, necə oldu? Döyüş ağır keçdi, yoxsa sadəcə bəxtin gətirmədi?

- Mən əlimdən gələni etdim. Ancaq sanki bir balaca nəsə çatışmadı. Nəsə əskik idi. Hər kəs çempion ola bilməz, hər kəs yüksək yerlər tuta bilməz. Mənim üçün bu özü böyük fəxrdi ki, Olimpiya Oyunlarında çıxış eləmişəm. Arzum idi ki, Azərbaycan bayrağını yüksəldim, çox istəyirdim bunu. Alınmadı...

 

- Rəqib səndən fiziki olaraq güclü idi, ya daha yaxşı hazırlaşmışdı?

- Ola bilər ki, məndə bir az hiyləgərlik çatışmadı. Zərbələrdən qabaq rəqibi aldatmaq, məsələn. Müdafiə olunan zaman diqqətli olmaq və s.

 

- Gələcək planlar necədir?

- Ruh düşkünlüyü yoxdur, əsas məsələ. Əlimə növbəti dəfə şans düşsə, mütləq ondan istifadə etməyə çalışacam. Bəlkə də mənim vəzifəm ölkəmizin bayrağını Avropa və dünya çempionatlarında yüksəltməkdi. Hərənin bir qisməti var.

 

- Sizi dəstəkləyən Azərbaycan xalqına və media nümayəndələrinə son sözünüz nədir?

- Dəstək üçün hər kəsə təşəkkür edirəm. İnsanlar həqiqətən də idmançılarımızın uğurlarına çox inanırlar. Bu ölkəni təmsil etməkdən, bu bayraq altında mübarizə aparmaqdan qürur duyuram.

 

Səmayə MƏMMƏDOVA

AGİN, Riodan.

0