[b]Rio-2016: Oğrular millimizin qaldığı binaya girdi[/b]
17.08.2016 - 14:01
[b]Rio-2016: Oğrular millimizin qaldığı binaya girdi[/b]

Yay Olimpiya Oyunlarının keçirildiyi Rio-de-Janeyroda daha bir xoşagəlməz hadisə yaşanıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, təhlükəsizliklə bağlı növbəti problem ortaya çıxıb.

 

Bu dəfə üzücü olay Türkiyənin üzgüçülərdən ibarət yığma komandasının başına gəlib. Belə ki, Olimpiya kəndində böyük qüvvə ilə qorunduğu bildirilən binaya oğrular girib. Onlar Azərbaycan yığmasının da məskunlaşdığı bloka daxil olublar. Hədəfdə isə türkiyəli idmançıların qaldığı mərtəbədəki otaq olub.

 

Oğrular qadın üzgüçülər Zeynəb Günəş, Nida Üstündağ və Yekaterina Avramovanın qaldığı otağın qapısını qıraraq içəri giriblər. Həmin vaxt idmançıların orda olmaması, bəlkə də, baş verə biləcək bədbəxt hadisənin qarşısını alıb. Yalnız komanda binaya qayıdaraq vəziyyətlə tanış olduqdan sonra mühafizəçilər bundan xəbər tutublar. Hadisə ilə bağlı dərhal araşdırmaya başlanılıb. Xoşbəxtlikdən həmin otaqda dəyərli əşyalar olmayıb.

 

Qeyd edək ki, 15 minə yaxın idmançı, məşqçi və federasiya nümayəndəsinin məskunlaşdığı Olimpiya kəndi 24 saat qorunur.

0