[b]Azərbaycan Olimpiadadan 18 medalla qayıdır[/b]
21.08.2016 - 23:15
[b]Azərbaycan Olimpiadadan 18 medalla qayıdır[/b]

Rio-de-Janeyro şəhərində təşkil olunan XXXI Yay Olimpiya Oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, 17 gün davam edən Olimpiadada Azərbaycan 56 idmançı ilə təmsil olunub.

 

Bu dəfə yeganə qızıl medalı - taekvondoçu Radik İsayev qazanıb. Sərbəst güləşçilər Toğrul Əsgərov, Xetaq Qazyumov, boksçu Lorenzo Sotomayor, cüdoçular Rütəm Orucovla Elmar Qasımov, qadın güləşçi Mariya Stadnik və kanoeçi Aleksandr Demyanenko yalnız final mübarizələrində məğlub olublar və gümüş medal qazanıblar.

 

Taekvondoçu Patimat Abakarova, Milad Beiqi Harçeqani, boksçu Kamran Şahsuvarlı, güləşçilər Sabah Şəriəti, Rəsul Çunayev, Nataliya Sinişin, Hacı Əliyev, Cəbrayıl Həsənov, Şərif Şərifov, kaneo və kayakda İnna Osipenko-Radomskaya isə bürünc medal qazanıb.

 

Olimpiadada Azərbaycan təmsilçiləri arasında komanda olaraq ən yaxşı nəticəni taekvondoçular göstəriblər. Yarışa 4 idmançı ilə yollanan millimiz 3 medal qazanıb ki, bu da 75% effektivlik deməkdi. Radik İsayevin liderlik etdiyi yığmamız bir çox ilklərə imza atıb.

 

Belə ki, taekvondoçularımız bu Olimpiadada ilk dəfə tam heyətlə iştirak edib. Həmçinin qadın idmançımız Patimat Abakarova (bürünc) komandaya ilk Olimpiya medalını qazanıb. Kişilər arasında ilk Olimpiya medalını isə Milad Beiqi Harçeqani (bürünc) qazanıb. Həm taekvondo yığmamızın, həm də Olimpiya heyətimizin yeganə qızıl medalını isə Radik İsayev qazanıb.

 

Boks yarışlarında da Azərbaycan idmançıları ilk dəfə Olimpiadada final döyüşü keçiriblər. Lorenzo Sotomayor gümüş medal qazanmaqla, daha bir ilkə imza atıb.

 

Braziliyaya 14 idmançı ilə yollamış güləş yığmamız isə gümüş və bürünc olmaqla 9 medal qazana bilib.

 

Azərbaycan Olimpiada tarixində ilk dəfə avarçəkmə idman növündə də medal qazanıb.

 

0