[b]“Stadion “Qəbələ” önündə alınmaz qalaya çevriləcək” [/b]
24.08.2016 - 11:14
[b]“Stadion “Qəbələ” önündə alınmaz qalaya çevriləcək” [/b]

“Çempionat oyunundan sonra “Qəbələ” ilə matça köklənməyə çox vaxtımız olmadı. Bununla belə, uğursuz gedişə son qoyacağımıza inanıram”. Apasport.az saytının məlumatına görə, bunu “Maribor”un futbolçusu Aleş Mertelj deyib.

 

Sloveniya təmsilçisi Avropa Liqasının pley-off mərhələsinin cavab görüşü çərçivəsində sabah “Qəbələ”ni qəbul edəcək. “Maribor” ölkə çempionatı da daxil olmaqla, artıq 5 oyundu qələbə üzünə həsrətdi.

 

29 yaşlı yarımmüdafiəçi yerli mətbuata açıqlamasında vəziyyəti düzəltmək iqtidarında olduqlarını bildirib: “Təəssüf ki, son vaxtlar çox xal itkisinə məruz qaldıq. Bilirik ki, hardasa səhvə yol veririk. Bu barədə çox danışılıb. Ancaq yolumuza davam etməliyik. Səhvlərimizdən düzgün dərs çıxarmalı, yanılmamalıyıq. Güclü olmaq məcburiyyətindəyik. Öz gücümüzə inanırıq, çünki biz bu cür vəziyyətlərdən çıxa bildiyimizi dəfələrlə göstərmişik”.

 

Mertelj “Qəbələ” üzərində qələbə qazanıb mərhələ adlayacaqlarına inandığını da vurğulayıb: “Hər oyun bizim üçün ayrı tarixdi. Hesab edirəm ki, müsbət fikirdə olmalı, əhvalımızı pozmamalıyıq. Həmçinin azarkeşlərimizin də dəstəyinə ehtiyacımız var. Sabah doğma arenamız “Qəbələ” önündə azarkeşlərimizin sayəsində alınmaz qalaya çevriləcək. Hamımız birlikdə irəli baxıb, qələbəyə köklənəcəyik”.

 

Qeyd edək ki, sabah “Lyudski vrt” stadionunda keçiriləcək “Maribor” – “Qəbələ” oyunu Bakı vaxtı ilə saat 22:15-də başlayacaq. Bu komandalar arasında Bakıda baş tutan ilk qarşılaşmada təmsilçimiz 3:1 hesablı qələbə qazanıb.

0