[b]“Bir top vura bilsək...” – “Höteborq”un hücumçusu[/b]
25.08.2016 - 11:14
[b]“Bir top vura bilsək...” – “Höteborq”un hücumçusu[/b]

“Bu cür güclü rəqiblə qarşılaşdığın zaman xoşbəxtliyi müdafiədə yox, hücumda axtarmalısan. Beynəlxalq arenada səfər oyununa çıxmaq tam fərqlidi”. Apasport.az saytının məlumatına görə, bunu “Höteborq”un hücumçusu Soren Riks deyib.

 

İsveç təmsilçisi Avropa Liqasının pley-off mərhələsi çərçivəsində bu gün “Qarabağ”ın qonağı olacaq. İlk matçda 1:0 hesablı qələbə qazanan “Höteborq” bu nəticəni qorumaq əzmindədi.

 

Riks klubun rəsmi saytına açıqlamasında səfərdə uğurlu oyun göstərdiklərini və “Qarabağ” önündə də bunu davam etdirəcəklərini vurğulayıb: “Avropa Liqasında bu mövsüm səfər matçları bizim üçün uğurlu alınıb. “Piast”ı məhz səfərdə 3 cavabsız qolla məğlub edib mərhələ adladıq. Həmçinin, HİK-lə matç da bizim üçün yaxşı keçdi. Finlandiyadakı qarşılaşmanın, xüsusən də, ikinci hissəsindəki çıxışımızı vurğulamaq istəyirəm. İndi də “Qarabağ”la oyuna ciddi hazırlaşıb, tam köklənmişik. Təbii ki, rəqibin daha çox hücum edəcəyini təxmin etmək çətin deyil. Bu da bizə boş sahələr verə bilər. Səfərdə oynamaq güclü hazırlıq tələb edir. Biz isə əvvəlki hər üç mərhələdə səfərdən qələbə ilə dönərək buna nə dərəcədə hazır olduğumuzu göstərmişik”.

 

29 yaşlı danimarkalı forvard qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun qazonunun ideal vəziyyətdə olduğunu söyləyib. O, 1 qol vuracaqları təqdirdə işlərinin daha asan olacağını düşünür: “Bakıdakı matçda gözəl başlanğıc və yaxşı hava şəraiti arzu edirəm. Meydançanın ot örtüyü də yaxşı vəziyyətdədi. Hücumda diqqətli olmalıyıq. Çünki bir top vura bilsək, rəqib 3 qol vurmaq məcburiyyətində qalacaq. Yəni, balansı qorumalı və oyuna nəzarəti əldən verməməliyik”.

 

Qeyd edək ki, “Qarabağ” - “Höteborq” oyunu saat 20:30-da start götürəcək.

0